Перейти к содержимому


Фотография

Həzrət Adəmin (ə.s) məsumiyyəti


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 23 июля 2010 - 11:26

Məsumiyyət əleyhdarlarının ən çox istinad etdikləri şeylərin başında Həzrəti Adəmin nəhy edilən ağacdan yeməsi və bu hadisə ilə əlaqədar ayələr və o ayələrdə olan bir sıra təbirlərin zahiridir. Bu səbəbdən bu mövzunu ən incə detallarına qədər (xüsusilə bu mövzudakı Quran ayələrini diqqətə alaraq) cavablandırmağımız lazımdır ki, artıq əllərində heç bir bəhanə qalmasın. Həzrəti Adəmin nəhy edildiyi ağac hadisəsi və onu yedikdən sonra baş verən hadisələr Quranın üç surəsində bəyan edilmişdir. Buna görə biz əvvəl bu ayələrin tərcüməsini gətirib, daha sonra onların təhlilinə keçəcəyik inşallah. Bəqərə, Əraf və Taha surələrində keçən ayələrin tərcüməsi belədir:  

Bəqərə surəsi:


(Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə* qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.

(Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, -dedik.

(Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bəqərə 35-37)


Əraf surəsi:

Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”

Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”

Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, - deyə and içdi.

Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”

(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” - dedilər.

(Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır”.(Əraf 19-24)

Taha surəsi:

Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik.

Bir zaman mələklərə: “Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin!” - deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.

Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!)

Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!

Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!”

(Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”

(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).

Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.


(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! (Taha 115-123)


* Əhlibeytdən nəql edilən hədislərdə də bəyan edildiyi kimi, Həzrət Adəm və Həzrəti Həvvanın yerləşdirildiyi cənnətdə məqsəd bütün möminlərin axirətdə gedəcəyi cənnət deyil. Çünki o cənnətdə günəş və istilik deyə bir şey yoxdur. Yenə o cənnətə girən bir daha oradan çıxmayacaq. Bir də şeytanın o cənnətə girə bilməsi mümkün deyil. O halda sözügedən cənnətdə məqsəd bu dünyada müxtəlif nemətlərlə təchiz edilmiş gözəl bir bağçadır. Zatən ərəbcədə də "cənnət" sözünün mənası bağ-bağça deməkdir.

Сообщение отредактировал Şair: 23 июля 2010 - 11:41


#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 июля 2010 - 14:05

"Bu ağaca yaxınlaşmayın" cümləsindəki nəhy (qadağan, çəkindirmək) hansı növ nəhy idi?

Cavab: Əmr və nəhylər iki cürdür:
a. Mövləvi əmr və nəhylər;
b. İrşadi əmr və nəhylər.

Mövləvi əmr və nəhy: Əmr edənin əmr və ya nəhyində, sahib olduğu mövlalıq statusuna əsasən əmrinə və ya nəhyinə qəti bir şəkildə itaət edilməsini istədiyi və dolayısilə yerinə yetirildiyində savabın, asi olduqda isə cəzanın verildiyi əmr və nəhyə deyilir.

İrşadi əmr və nəhy: Əmr edənin əmr və ya nəhyində mövlalıq statusunu işə qatmadan, yalnız müşfiq bir nəsihətçi və irşadçı olaraq həmsöhbətinin xoşbəxtliyini və çətinliklərə düşməməsini hədəflədiyi, edib-etməməyi onun seçiminə buraxdığı, əmr və tövsiyəsinə müxalif olmağın ondan ötrü deyil, hərəkətin özündən qaynaqlanacaq çətinlik və nəticələri xatırlatdığı əmr və nəhyə deyilir. Başqa bir təbirlə əməllərin və hərəkətlərin öz təbiətində hər vəziyyətdə (və faili-əməl görəni- kim olursa olsun) buraxacağı bir sıra nəticələri vardır. Mövla da o nəticələrdən xəbərdar olduğu üçün, insana (onu xəbərdar etmək məqsədiylə) bu müsbət və ya mənfi nəticələri xatırladır və ona diqqət yetirməsini nəsihət edir. Amma hər vəziyyətdə yerinə yetirməyi və ya yetirməməyi seçməkdə onu sərbəst buraxır. Bu səbəbdən, mövlanın nəsihət və öyüdünə əməl etdiyi təqdirdə o hərəkətin mənfi nəticələrindən qorunacaq, etdiyində isə onun mənfi nəticələrinə mübtəla olacaq.

Mövzunun daha yaxşı başa düşülməsi üçün bir nümunə verək: Bir həkim xəstəsini müayinə etdikdən sonra, ona bir sıra dərmanlardan istifadə etməsini və lazım olanda bir sıra pəhrizlər tətbiqini təklif edir. İndi əgər xəstə həkiminin tövsiyə və əmrlərinə uyarsa, təbii olaraq sağlamlığına qovuşacaq. Amma onun tövsiyə və irşadlarına müxalif çıxsa da yenə təbii olaraq xəstəliyi davam edəcək və bunun nəticələrinə dözmək məcburiyyətində qalacaq. Amma burada həkimə qarşı hər hansı bir hörmətsizlikdən söz gedə bilməz. Çünki həkimin hədəfi ona nəsihət verməkdən başqa bir şey deyil. Bu səbəbdən bunun müsbət və ya mənfi nəticələri yalnız xəstənin özünü maraqlandırır.

Allah Təalanın da əmr və nəhyləri eyni şəkildə, mövləvi və irşadi olmaqla ikiyə ayrılır. mövləvi olanları Allah Təalanın Mövlalığına söynərək etdiyi əmr və nəhylərdir. Bu səbəbdən mükafat və cəzaya nail olmaq olar. İrşadi olanları isə yalnız nəsihət xüsusiyyətini daşıyan, insanın edib etməməkdə sərbəst olduğu, bu səbəbdən yalnız dünyəvi nəticələri olan və axirət savabı və ya cəzası olmayan əmr və nəhylərdir.

Bu açıqlamadan sonra indi mövzumuza dönsək, Həzrəti Adəmin sözügedən ağacdan çəkinməsi üçün edilən nəhy, nəsihət xüsusiyyəti daşıyan irşadi bir nəhy idi, mövləvi deyildi. Quranda bu mövzuda keçən ayələrdəki hissələr də bunu göstərir. Bu səbəbdən də, Həzrəti Adəm yalnız etdiyi hərəkətin təbii nəticələrinə dözdü, amma mövləvi bir əmrə müxalif olduğu kimi bu müxalifətindən ötrü hər hansı bir cəzaya layiq olmamışdı. İndi ayələrdəki bu hissələrə bir nəzər salaq:

1. Əgər Həzrəti Adəm mövləvi bir əmrə müxalif olsaydı, tövbəsinin ardından (artıq qəbul edilmişdi), etdiyi hərəkətin mənfi nəticələri (paltarların tökülməsi, cənnətdən çıxarılması, müxtəlif çətinliklərə məruz qalması) də aradan qalxmalı idi. Halbuki tövbəsinə baxmayaraq yenə də bu nəticələrə dözmək məcburiyyətində qaldı. Bu da əvvəla Allah Təalanın bu nəhyiylə Adəmi o mənfiliklərdən qorumaq istədiyinin, Adəmin də sözügedən nəticələrə Mövlaya müxaliflik etdiyindən ötrü deyil, edilən hərəkətin təbii bir nəticəsi olaraq qarşılaşdığının açıq bir göstəricisidir.

2. Xüsusilə Taha surəsindəki ayələrdəki hissələr bu nəhyin irşadi bir nəhy olduğunu və Həzrəti Adəmi bir sıra mənfi nəticələrdən və çətinliklərdən qorumağı məqsəd qoyduğunu göstərir.

Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!) Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən! Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!” (Taha, 117-119)


"(Ehtiyatlı olun ki) sizi (tovlayıb Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan!" cümləsi açıq bir şəkildə edilən nəhyə uymağın nəticəsinin "Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən! Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!” cümlələrində bəyan edilən cənnətdə qalmağa davam edib oradakı nemət və xoşbəxtliyi qorumaq idi. Bu nəhyə müxalif olmağın nəticəsi isə bu nemət və xoşbəxtliyi itirmək idi. Bütün bunlar, Allah Təalanın mövlalıq statusunu diqqətə alaraq itaəti fərz olan bir nəhy etmədiyini, məqsədinin yalnız nəsihət və öyüd olduğunu və müxalif çıxıldığında sözügedən cənnətdən (nemətlərlə təchiz edilmiş bağçadan) çıxıb dünya həyatında bunun zərərlərinə dözəcəyini göstərir.

3. Həzrəti Adəm və zövcəsi nəhy edilən ağacdan dadıb ayıb yerləri ortaya çıxanda Allah Təala onlara bu cür dedi: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?” Açıq şəkildə göründüyü kimi bu, müşfiq bir nəsihətçinin xitab tərzidir ki, etdiyi nəsihət və öyüdə uymadığını görüb dönüb "Mən sizə deməmişdimmi?... Sizi bundan çəkindirməmişdimmi?" şəklində həmsöhbətindən gileylənir.

4. Allah Təala, "Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verdi" cümləsiylə şeytanın vəsvəsəsindəki məqsədinin onların bədənlərinin çılpaqlaşmasını təmin etmək olduğunu və dolayısilə bu vəsvəsədən, yalnız edilən hərəkətin təbii bir nəticəsi olaraq çılpaqlaşma meydana gəldiyini anlayırıq. Başqa bir şey (mövləvi əmr-nəhylərə müxalif olmaqdan yaranan Allahdan uzaqlaşma və cəzaya layiq olmaq kimi şeylər) deyil.

5. Həmçinin Allah Təalanın şeytanın vəsvəsəsinin keyfiyyəti haqqında nəql etdiyi cümlələrdən şeytanın yaxşı niyyətli bir nəsihətçi qılığına girərək onlara yaxınlaşdığını və and içərək “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”- dediyini görürük. Bu da kəlam üslublarından birazacıq xəbərdar olan hər kəsin, Allah Təalanın Adəmə etdiyi nəhyin nəsihət babından olduğunu anlayar.

Bura qədər zikr etdiyimiz bu hissələrdə Adəmə edilən İlahi nəhyin mövləvi deyil, irşadi olduğunu və Həzrəti Adəmin mənfi nəticələrdən, çətinlik və pərişanlıqdan uzaq qalmasını təmin etmək məqsədi daşıdığını anlayırıq. Bu səbəbdən o da bu nəsihətə uymadığı üçün etdiyi hərəkətin təbii nəticələriylə qarşılaşmış və bu İlahi xitaba məruz qalmışdı
“Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır" (Əraf, 24)
“Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin." (Taha, 123)

Bunu da bilməliyik ki, bəzi hədislərdən də aydın olduğu kimi Həzrəti Adəmin bu nəhydə qarşılaşdığı mühit, təklif mühiti deyildi. Yəni Həzrəti Adəmin və zövcəsinin orada heç bir şəri və mövləvi vəzifəsi yox idi ki, edilən nəhyə müxalif olmaq üsyan və günah sayılsın və ilahi cəzaya səbəb olsun. Təklif hadisəsi sözügedən nəhyə müxalif olmağın və yer üzünə enmənin ardından başlamışdır. Quranın cənnət kimi təbir etdiyi o yer isə, Həzrəti Adəm və zövcəsi üçün sanki bir təlimgah, təhsil alma və təcrübə əldə etmə yeri idi. Dostlarını və düşmənlərini yaxşı tanımaları, itaət və asiliyin necə və hansı nəticələrə yol aça biləcəyi, qısası bir bəsirət sahibi olmaları və gələcəkdə boynuna götürəcəkləri məsuliyyətlər üçün hazırlandıqları bir yer idi.

Bu mövzuda bir qisim təfsirçilər tərəfindən bir başqa cavab da verilmişdir. O da budur ki, günah iki qisimdir, birincisi hər kəs üçün keçərli və ediləndə Allah Təalaya üsyan sayılan günahlar. O da Allah Təalanın haram etdiyi və qəti bir şəkildə nəhy etdiyi şeyləri etməkdir. İkincisi isə "nisbi" günahlardır. Yəni bəzi kəslər üçün günah sayılmadığı halda bəziləri üçün sahib olduqları mövqe və dərəcəyə nəzərən günah sayılan şeylər. Bəzi şeylər vardır ki, o mübah və caiz olan bir şeydir, ancaq insanlar onu müəyyən bir insana yaraşdırmır və onun bunu etməsini bəyənmir və bundan ötəri də onu qınayır. Məsələn, bir kasıb kömək diləyəndə, maliyyə vəziyyəti zəif olan bir kəs çıxarıb ,məsələn, bir manat ona kömək etsə onu tərifləyərlər, ancaq eyni miqdarda köməyi maliyyə vəziyyəti çox yüksək olan varlı biri etsə, insanlar "sahib olduğu sərvətə bax, etdiyi köməyə bax deyərək" bunu ona yaraşdırmadıqları üçün qınayırlar. Halbuki etdiyi iş özündə pis bir iş deyil, əksinə o da bir köməkdir. Və ya məsələn, xüşusuz , təvəccöhsüz, və dağınıq bir fikirlə qılınan namaz qılan kimsənin boyundan vəzifəsi qalxar. Ancaq bir peyğəmbər ,məsələn, belə bir namaz qılsa, bu onun sahib olduğu mənəvi mövqe və dərəcə etibarilə ona yaraşan bir şey olmadığı üçün onun üçün qınanmağa səbəb olan bir hərəkətdir. Həzrəti Adəmin də sözügedən ağacdan yeməyi də belə bir şeydir. Daha açıq bir ifadəylə, Allah Təala Həzrəti Adəmi əziz etmiş və ona varlıqların gerçəklərini öyrətmiş, mələklərin müəllimi etmiş və ona səcdə etdirmişdi. Sonra cənnətə yerləşdirib, hər şeydən yeməsinə icazə verərək, müəyyən bir ağacdan yeməyini qadağan etmişdi. Belə bir vəziyyətdə o ağacın qadağan edilməsi, qəti və itaəti fərz olan bir qadağan olmamaqla bərabər, Həzrəti Adəmə sahib olduğu o uca mövqeyindən ötəri yaraşan şey ondan çəkinməsi idi. Bu səbəbdən belə bir kimsəyə nəzərən, belə bir hərəkəti etmək, tövbəni tələb edən bir cür üsyan sayılırdı. Bu cür əməllərə kəlam elmində "tərki övla" (yaxşı olanı tərk etmək) deyilir. Yəni Həzrəti Adəmin etdiyi, haram olmamaqla birlikdə, edilməməsinin ona nəzərən daha yaxşı olduğu bir əməl idi. Amma sahib olduğu uca mövqeyindən ötəri, etdiyi bu məkruh hərəkət ona təbii ki, baha başa gəldi. Bizim ayə və hədislərdən və əqli dəlillərdən istifadəylə, peyğəmbərlərin məsumiyyəti üçün çəkdiyimiz sərhəd, bütün insanlar üçün sözügedən qəti haram və fərzlərin pozulması ilə əlaqədardır. Bu cür "tərki övla" sayılan və haram olmadığı halda edilməməsi onlara daha yaraşan hərəkətlər deyil. Həzrəti Adəm də daxil olmaqla, digər bəzi peyğəmbərlərə istinad edilən bəzi asiliklər, həmişə bu növdən olan şeylərdir, qətiliklə bir haram əməl görmək və ya bir fərzi pozmaq deyil.

Сообщение отредактировал Şair: 28 июля 2010 - 14:10


#3 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 11 августа 2010 - 10:48

Şeytanın Adəm və Həvvaya etdiyi vəsvəsədə məqsədi nə idi?

İrad: "Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib..." (Əraf, 20) və "(Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib.. " (Taha, 120) ayələrindən şeytanın vəsvəsəsinin Həzrəti Adəmin nəfsində təsir buraxdığı aydın olur. Bu isə Allah Təalanın "Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!" (Hicr, 42) və şeytanın dilindən nəql etdiyi "(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız Sənin muxləs bəndələrindən başqa!" (Sad, 82-83) ayələrdəki mənaya ziddir. Çünki bu ayələrdə şeytanın xalis qılınmış peyğəmbərlərə bir təsirinin olmadığı aydın olur. Bəs Həzrəti Adəmə necə təsir etdi?

Cavab:
Bu sualın cavabı budur ki, muxləs bəndələrdə məqsəd, Allah Təalanın varlıqları arasından seçdiyi kəslərdir. Çünki Allah Qurani Kərimdə bir qrup peyğəmbərə işarə etməklə, bu cür buyurur:

Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir]. (Məryəm, 58)

Yenə də bir qisim peyğəmbərlərə toxunaraq, belə buyurmuşdur:

"Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik." (Ən'am, 87)


Əgər şeytanın əsla təsir edə bilməyəcəyi muxləs bəndələr, Allahın xüsusi bir seçiminə məzhər olan kəslərdirsə, Həzrəti Adəm sözügedən nəhyə müxalif çıxdığı zaman hələ seçilmişlərdən deyildi. Çünki ayədə belə buyurulur: "(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.." (Taha, 121-122) Göründüyü kimi Həzrəti Adəmin seçilməsi, bu hadisədən sonradır. Bu səbəbdən iki ayə arasında hər hansı bir ziddiyyət gedə bilməz.

Bu nöqtəni də göz ardı etməmək lazımdır ki, şeytanın normal insanlara təsiri onların ürəklərinə nüfuz etmək şəklində reallaşır. Çünki normal insanlardan bəhs edərkən "Fi" ədatından istifadə edərək "Yüvəsvisu fi sudurin-nas" (insanların köksünə (ürəklərinə) nüfuz edərək, vəsvəsə edər) buyurur. Halbuki buradakı ayələrdə "Fi" ədatı yerinə "Li" və "İlâ" ədatı istifadə etmişdir. (Ə'raf, 20, Taha, 121) Bu fərqlilikdən aydın olan budur ki, birincisində şeytanın vəsvəsəsi, onların içinə nüfuz edib bir cür üzərlərinə hakim olmaqla reallaşar; amma burada yaxınlaşma və bir cür uzaqdan vəsvəsə şəklindədir.

Сообщение отредактировал Şair: 11 августа 2010 - 10:57


#4 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 22 августа 2010 - 00:37

"Şeytan onları azdırdı..." cümləsində nəzərdə tutulan nədir?

Cavab: Bu təbir, Hz. Adəmin (məsumiyyətə zidd olan) mövləvi günah işlədiyi mənasını vermir. Çünki Hz. Adəmin vəsvəsəsi, hadisəni yaxşı təhlil edib ayələrdə istifadə edilən hissələri də diqqətə alsaq, yüngül bir təsirlənmək idi. Bu da nəhyin irşadi olması və qəti bir haramın olmadığı, şeytanın yaxşı niyyətli bir nəsihətçi qılığında yaxınlaşması, and içməsi, Adəmin də o günə qədər ilk dəfə belə bir şeylə qarşılaşması və insanın təbiətində olan maraq və tamah xüsusiyyətlərinin də təsiriylə olmuşdur. Qısası "azdırdı" təbiri irşadi bir nəhyə müxaliflikdə də doğrudur. Çünki onda da dünyəvi də olsa bir məsləhət və xoşbəxtliyi qaçırmış olması, və bir sıra çətinliklərə üzləşməsi baxımından yolunu azmış və xətaya düşmüşdür. Bu qədəri də əvvəldən də toxunduğumuz kimi peyğəmbərlər üçün təyin olunan məsumiyyət sərhədləri daxilində reallaşmış olduğu üçün, onların məsumiyətinə bir zərər verməz. (Yazının əvvəllərində məsumiyyət üçün çəkdiyimiz çərçivəni davamlı göz önündə saxlayın)





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru