Bəqərə surəsi:
(Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə* qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.
(Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, -dedik.
(Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bəqərə 35-37)
Əraf surəsi:
Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca (buğdaya və ya üzüm tənəyinə) yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”
Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, - deyə and içdi.
Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” - dedilər.
(Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır”.(Əraf 19-24)
Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik.
Bir zaman mələklərə: “Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin!” - deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan! (Gecə-gündüz əziyyət çəkib öz əlinin zəhməti ilə yaşamağa məcbur olarsan!)
Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!
Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!”
(Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”
(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).
Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.
(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin. Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! (Taha 115-123)
* Əhlibeytdən nəql edilən hədislərdə də bəyan edildiyi kimi, Həzrət Adəm və Həzrəti Həvvanın yerləşdirildiyi cənnətdə məqsəd bütün möminlərin axirətdə gedəcəyi cənnət deyil. Çünki o cənnətdə günəş və istilik deyə bir şey yoxdur. Yenə o cənnətə girən bir daha oradan çıxmayacaq. Bir də şeytanın o cənnətə girə bilməsi mümkün deyil. O halda sözügedən cənnətdə məqsəd bu dünyada müxtəlif nemətlərlə təchiz edilmiş gözəl bir bağçadır. Zatən ərəbcədə də "cənnət" sözünün mənası bağ-bağça deməkdir.
Сообщение отредактировал Şair: 23 июля 2010 - 11:41