Отправлено 31 марта 2010 - 20:16
Böyük islam alimləri İmam Əli (ə)-ın şəxsiyyəti haqda bir çox fikirlər bildirib və onun misilsiz şəxsiyyətini insani kəramətin ölçü vahidi adlandırıblar.
Cahiz:
3-cü hicri qəməri əsrində yaşamış tanınmış islam alimi Cahiz, "Əlbəyan və Əl-Tibyan" kitabında yazır: İmam Əli (ə) buyurub: Hər kəsin dəyəri onun biliyindən asılıdır. Ən yaxşı söz qısa və dəyərli olan sözdür ki, səni ondan artığından ehtiyacsız edir. Məna sözdə gizlənməyib, məna tam aydın və aşkardır. Sanki ulu tanrı bu cümləni deyən şəxsin pak niyyətinə və təqvasına uyğun olaraq bu kiçik cümlədə hikmət nurunu yerləşdirib.
İbn Şəhraşub:
İbn Şəhraşub "Mənaqib Ali Əbutalib" kitabında yazır: Əli (ə)-ın fəzilətləri haqqında kitab yazmaq istədiyim zaman əlimin altında o həzrət haqqında 1000-dən çox kitab və məqalə var idi.
İbn Əbilhədid:
13-cü əsrdə yaşamış tanınmış alim İbn Əbilhədid yazır: Bir insanda bu qədər böyük hikmət, bəlağət və fəzilət qərar verən Allah doğrudan da böyükdür. Məkkə ərəbinin övladı bu şəxs o zaman adi insanlar arasında böyüyüb başa çatıb. Alimlər, filosoflar və mütəfəkkirlər ilə heç bir əlaqəsi olmayıb. Amma bütün bunlara baxmayaraq ilahi elm və hikməti bütün dəqiqliyi ilə bilib. Sanki Əflatunu da geridə qoyub. Əxlaq alimləri ilə heç bir əlaqəsi olmasa da, Sokrat onun məktəbi qarşısında diz çökməlidir. O dünyanın ən şücaətli insanı idi. O qədər də təəccüblü deyil. Məhəmməd (s.ə.s) tərəfindən tərbiyə edilmiş bir şəxsin bu qədər yüksək istedada malik olması təbiidir. İlahi lütfə şamil olan şəxs belə olmalıdır.
Xətib Xarəzmi:
Hənəfi məzhəbinin tanınmış alimi Quran hafizi Xətib Xarəzmi deyir: Görəsən Əli kimi şücaətli insan varmı? Görəsən Yer üzündə onun kimi pak rəhbər varmı? Əli (ə) gecələr mehrabda ağlayan, düşmənlərin gözündən kənar ürəyinin dərdini quyuya deyən, gündüzlər gülər üzlə insanlara təbəssüm edən şəxsdir. O müsəlmanların beytül-malına gözünün ucu ilə belə baxmadı və əlini o sərvətə uzatmadı. O ayağının peyğəmbərin çiyninə qoyaraq bütləri sındıran şəxsdir. Bir sözlə Əli (ə), bizim mövlamız bəşəriyyətin düşünən beyninə oxşayır.
Xacə Nəsrəddin Tusi:
13-cü əsrdə yaşamış tanınmış filosof Xacə Nəsrəddin Tusi Əli (ə) haqda yazır: O hamıdan ağıllı idi. Güclü zəkaya malik idi. Hamıdan əliaçıq və mehriban idi. Peyğəmbərdən sonra Allahın ən mömin bəndəsi idi. İmanı hamıdan üstün, sözləri aydın idi. Allahın kitabını və dinini qorumaqda hamıdan güclü idi. Bəşəriyyət onun kimisini görməmişdi.
Şeyx Bəhai:
16-cı əsrdə yaşamış tanınmış alim Şeyx Bəhai deyir: O elə bir şəxs idi ki, onun fəzilətləri haqda nə qədər danışsaq, bir o qədər azdır. O Qədir günündə peyğəmbər tərəfindən canişin təyin edildi. O insanlar arasında ən şərəflisi idi.
Seyyid Şərif Rəzi:
Nəhcül-Bəlağə kitabını şərh edən Seyyid Şərif Rəzi deyib: Mən Nəhcül-Bəlağəni ona görə toplamışam ki, Əli (ə)-ın bəlağətdəki məqamını bəyan edim. O hikmətamiz sözlər söyləməkdə öncəki şəxsiyyətləri geridə qoyub. Əli (ə)-ın sözləri bəlağət bulağıdır. Bəlağət elminin sirləri və qaydaları Əli (ə)-dan mənşə alır. Heç bir insan bəlağətdə ona çata bilməyib. Onun sözlərində ilahi hikmət nişanələri aşkar olub.
Şeyx Məhəmməd Əbdəh:
Əl-Əzhər Universitetinin keçmiş rektoru Şeyx Məhəmməd Əbdəh deyib: Ərəb dünyasında Əli (ə)-ın kəlamının Quran-Kərimdən və peyğəmbərin kəlamından sonra ən mənalı və kamil kəlam olmasına şübhə edəcək şəxs yoxdur. Mən hər dəfə Nəhcül-Bəlağəni oxuduğum zaman bir səhifədən başqa səhifəyə keçərkən söz pərdələrinin necə dəyişdiyini hiss edirəm. Hərdən özümü elə bir dünyada hiss edirəm ki, ruhlar o dünyanı gözəl sözlərlə bəzəyiblər və bu dünya sanki ürəklərə aydınlıq gətirir.
Mahmud Əqad:
Tanınmış misirli yazıçı Mahmud Əqad yazır: Mən həmişə Əli (ə)-ın şəxsiyyətini və fəzilətini insani kəramət üçün ölçü vahidi hesab etmişəm. Beləliklə Məhəmməd peyğəmbərdən sonra onun qədər peyğəmbərin yerini tutmağa daha layiq bir şəxs görməmişəm. Mən bu sözlə şiələrin tərəfini saxlamaq istəmirəm. Mən tarixi bir həqiqəti bəyan edirəm.
Əllamə Təba Təbai:
Tanınmış təfsirçi "Əl-Mizan" əsərinin müəllifi Əllamə Təbatəbai yazır: Əli (ə) dost və düşmənlərin etirafına və tarixi mənbələrə görə heç bir nöqsana malik olmayan kamil bir insan idi. İslami fəzilət baxımından peyğəmbər tərbiyəsinin kamil nümunəsi idi. Onun haqda yazılmış kitablar və deyilmiş sözlər tarixdə heç bir şəxsiyyət haqda müşahidə olunmayıb. Əli (ə) peyğəmbərin ən yüksək elmə malik olan tərəfdaşı idi. O islamda öz elmi çıxışları ilə azad elmi mübahisələrə yol açan ilk şəxs idi. O ərəb dilinin qaydalarını təyin etdi. O şücaətdə el arasında misala çevrilmişdi. Döyüşlərdə qorxu ona yad olan bir hiss idi. O heç bir zaman düşmənə arxa çevirmədi və islamı ən yüksək səviyyədə müdafiə etdi. O təqva baxımından da birinci idi. O pərvərdigara aşiq idi. Mehribanlıq və əliaçıqlıqda tayı bərabəri yox idi. Yetimlər və çarəsizlərin pənahı və dostu idi. Bütün var-dövlətini Allah yolunda kasıblara paylayardı. Əkinçiliyi çox sevərdi. Su quyuları qazardı. Ağac əkərdi və abadlıq işlər ilə məşğul olardı. Bu yolla əldə etdiyi sərvəti ehtiyaclılara paylayardı.
Əllamə Əmini:
Əl-Qədir kitabının müəllifi olan Əllamə Əmini Əli (ə) haqda yazır: Əli (ə) Kəbədə dünyaya göz açıb və Allahın evini bütlərdən təmizləyib və Kufə məscidində qanı mehraba axdığı zaman onun ruhu göylərə uçdu və Allah evində bu dünyaya açılmış gözlər bu dünyaya vida etdi. Bu arada o həzrətin həyatı ilahi bir nur kimi dünyaya saçdı.
Mürtəza Mütəhhəri:
"Əli (ə)-ın cazibəsi və dafiəsi" kitabının müəllifi olan M. Mütəhhəri yazır: Əli (ə)-ın həyatı bəşəriyyət üçün misilsiz bir dərs, təlim və hidayət çırağıdır.
Məhəmməd İbn İdris Şafii:
Şafii məzhəbinin öncülü Əli (ə) haqda deyib: Əli (ə) ilə dostluq cəhənnəm odu qarşısında bir qalxandır.
Həzrət ƏLİ : Bizim haqqımız haqdır; verərlərsə, alarıq: verməzlərsə yol nə qədər uzaq olsa belə dəvələrə minib dalınca gedərik.