Перейти к содержимому


Фотография

Həzrət İbrahimin (ə.s) məsumiyyəti


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 Июнь 2010 - 19:17

Peyğəmbərlərin məsumiyyətini qəbul etməyənlərin tez-tez irəli sürdükləri dəlillərdən biri də Həzrət İbrahim (ə.s) ilə əlaqədar bəzi ayələrdir. Bunlardan biri Ənam surəsindəki bu ayələrdir :

Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.
(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” - dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi.
(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” - dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam!
(Ənam, 76-78)


İddia edirlər ki, bu ayələrdə də açıqlandığı kimi, Həzrət İbrahim (ə.s), üç dəfə üç ayrı şeyə "Rəbbim budur" -demişdir. Halbuki onlar onun Rəbbi deyildi. Bu da onun ömürünün bir hissəsində bunların "Rəbb" olduğuna inandığını göstərir. Yenə deyirlər ki, əgər Həzrət İbrahimin bunlara həqiqətdə deyil, inanmadığı halda zahirdə "Rəbb" olaraq söylədiyini desək də, bu da istər yalan olsun, istər olmasın, bir peyğəmbərə yaraşan şey deyil. Bu səbəbdən iddia edilən məsumiyyətə zidd bir şeydir.



Cavab: Bu iddiaya müxtəlif cavablar verilmişdir. Bunlardan biri budur ki, İbrahim (ə.s) kafirlərə həqiqi Rəbbi tanıtmaq məqsədiylə, bir neçə fərziyyə ortaya atıb, sonra əməli olaraq o fərziyyələri rədd etməyə çalışmışdır. Yəni Həzrət İbrahimin "Bu mənim rəbbimdir" cümləsi bir xəbər cümləsi deyil, inşa cümləsi idi. Yəni fərz edək ki, bu rəbbimizdir; indi baxaq görəsən bu iddia doğru ola bilərmi? Bu səfər hər birisində bir əskikliyi təsbit edib, "Xeyr bu əskikliyindən ötrü Rəbb ola bilməz" deyirdi. Yəni əməli olaraq müşriklərə Rəbb olaraq inandıqları şeylərin ləyaqətsizliyini göstərirdi. Bu tip isbat metodları biz insanlar içində də çox məşhurdur və kimsə onların yalan olduğunu söyləyə bilməz. Demək ki, Həzrət İbrahimin bu sözləri ulduzlara, aya və günəşə tapınanlara gerçək rəbbi tanıtmaq üçün "onların məntiqləri ilə onları rədd etmək" metodudur. Yoxsa (haşa) onun inandığı bir şeyi ifadə etmək üçün deyilən xəbəri bir cümlə deyil. Necə ki sözlərinin sonunda "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam!" deyə söylədiyi cümlə də bunun isbatıdır. Çünki əgər iddia edildiyi kimi (haşa) əvvəldən özü də bunlara inanmış olsaydı, bu cümlə yerinə belə deməli idi: "Ey camaatım, mən artıq əvvəllər rəbb olaraq inandığım və Allaha şirk qoşduğum şeylərdən uzağam!". Bunun bir başqa dəlili budur ki, yuxarıda verdiyimiz ayələrdən dərhal əvvəlki iki ayə Həzrət İbrahimin bu sözləri söyləmədən əvvəl muvahhid olduğundan bəhs edir:

(Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”
Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!
(Ənam, 74-75)


Xülasə, Həzrət İbrahimin Azərə söylədiyi söz və yenə Allah Təalanın ona göylərin və yerin mülkünü göstərməsi, muvahhid olmayan bir kimsənin vəziyyəti ilə uyğun gələrmi?!

Сообщение отредактировал Şair: 28 Июнь 2010 - 19:19

  • al-Islam и IBRAHIM NESLI это нравится

#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 28 Июнь 2010 - 22:30

Bu iddianın başqa bir cavabını isə aşağıdakı iddiada da verməyə çalışacağıq.

İrad: Həzrət İbrahimin (ə.s) məsumiyyəti ilə uyğunlaşmadığı iddia edilən başqa mövzu da, Quranın bu ayəsidir:

(İbrahim) ulduzlara bir nəzər saldı.Və dedi: “Mən xəstəyəm!” (İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər. (Saffat, 88-90)


Həzrət İbrahimin şəhərdən kənara şənlik üçün çıxan qövmünün onu da dəvət etmələrinə baxmayaraq getməmək üçün bəhanə uyduraraq ulduzlara baxmış və "Mən xəstəyəm" demişdi. Halbuki xəstə deyildi. Bu da onun açıq yalan danışdığını göstərir. Kəbirə günahlarından olan yalan da məsumiyyətlə uyğun gəlmir.


Cavab: Bu irada da bir çox cavablar verilmişdir.

Bir cavab budur ki, Həzrət İbrahim (ə.s) mən xəstəyəm deyərkən təvriyyə etmişdir. Yəni Həzrət İbrahim o cümlədən başqa bir məna nəzərdə tutsa da, onlar başqa bir məna anlamışdılar.

Bir başqa cavab budur ki, Həzrət İbrahim bəlkə də bu sözü ilə həqiqətən xəstə olduğunu nəzərdə tutmuşdur. Çünki kim bilir, bəlkə də həqiqətən xəstə imiş. Bəzi rəvayətlər də bunu göstərir. O rəvayətlərdə Həzrət İbrahimin bəzən şiddətlənən qızdırma xəstəliyi kimi bir narahatlığının olduğu deyilir. Bəlkə də Həzrət İbrahimin ulduzlara baxaraq bu sözü söyləməsi, sözügedən davamlı xəstəliyin zamanının gəldiyinə işarə etmək üçün idi.

Bir başqa cavab budur ki, Həzrət İbrahimin bu sözlə həqiqətən yalan danışdığını düşünsək də yenə də hər hansı günahdan danışmaq olmaz. Çünki kim demişdir ki, yalan hər yerdə pis və günahdır. Yalan bəzən fərz belə ola bilər. Əgər bir yerdə doğru danışmanın bir fəsadı və ya yalan danışmanın əhəmiyyətli bir faydası və zərurəti olsa, yalan danışmazsa insan, səhv etmiş olar, günah işləmiş olar. Məsələn, bir kəs doğru danışarsa, hər hansı şəxsin canına qıyacağını bilirsə, orada mütləq yalan danışmağı lazımdır. Burada da Həzrət İbrahim şəhərdə qalıb əhəmiyyətli bir missiyanı yerinə yetirmək üçün yalan danışmaqdan başqa bir çarəsinin olmadığını görüb, yalan danışmışdır desək heç bir qorxusu yoxdur. Bu səbəbdən də bu onun (ə.s) məsumiyyətinə əngəl sayıla bilməz.

Сообщение отредактировал Şair: 28 Июнь 2010 - 22:31

  • al-Islam и IBRAHIM NESLI это нравится

#3 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 29 Июнь 2010 - 14:50

İrad: Həzrət İbrahim, qövmüylə şəhər xaricinə çıxmayaraq bütxanaya gəldi və böyük bütdən başqa bütün bütləri qırdı və əlindəki baltanı, böyük bütün boyuna asdı. Şəhərə dönən qövmü vəziyyətdən xəbərdar olanda, Həzrət İbrahimdən şübhələnib onun yanına gəldilər və

(Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” - deyə soruşdular.
(İbrahim sındırmadığı iri bütü göstərib:) “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” – deyə cavab verdi.
(Ənbiya, 62-63)


Həzrət İbrahim bu hadisədə açıq yalan danışmışdır. Yalanın isə məsumiyyətlə uyuşmadığı aydındır.



Cavab: Bu irada da alimlər müxtəlif cavablar vermişlər.

Bunlardan biri budur ki, bu söz yalan deyil. Çünki yalan o zaman olar ki, sözdə nəyi nəzərdə tutulduğuna dair bir işarə verməsin. Burada isə bütün işarələr, Həzrət İbrahimin bu sözdən nəyi nəzərdə tutduğunu oraya qoyur. Bu səbəbdən qarşı tərəf Həzrət İbrahimin nə demək istədiyini və bunun bir taktika olduğunu çox yaxşı bildiyi üçün, bu əsla yalan sayılmaz.

Bir başqa cavab budur ki, Həzrət İbrahimin bu sözü şərtli bir sözdür. Çünki onlara sanki belə buyurdu: "Onlardan soruşun, əgər onlar danışa bilsə, onlar ediblər". Onlar danışa bilmədiyinə görə, demək ki, onlar etməmişdir. Bu səbəbdən Həzrət İbrahim (ə.s) bu cür ağıllı yolla, həm yalan danışmadı, həm də onlara danışmayan, bir şey etməyə müqtədir olmayan bir İlahın Rəbb olmayacağını açıq bir şəkildə isbat etmiş oldu.

Başqa bir cavab da budur ki, əvvəlki iradda da söylədiyimiz kimi, yalan hər yerdə pis və günah deyil. Burada da yalan olduğunu qəbul etsək belə, bu əhəmiyyətli və zəruri bir məqsədlə olduğu üçün günah deyil və məsumiyyətə xələl gətirməz.


#4 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 29 Июнь 2010 - 18:56

İrad: Həzrət İbrahimin məsumiyyətinə zidd olan başqa bir şey də, Həzrət İbrahimin müşrik olan atası Azər üçün bağışlanmaq diləməsidir. Bu hadisə Quranda belə qeyd edilib:

Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!
İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.
(Tövbə, 113-114)


Bu iki ayə əvvəl müşriklərə istiğfar etməyin caiz olmadığından bəhs edir, sonra da Həzrət İbrahimin atası üçün etdiyi istiğfardan danışılır. Bu səbəbdən Həzrət İbrahim, etdiyi bu işlə heç olmasa səhv etmişdir. Bu da yenə iddia edilən məsumiyyətlə uyğun gəlmir.



Cavab: Əgər Həzrət İbrahim (ə.s) əks tərəfin iddia etdiyi kimi səhv etmiş olsaydı, Allah Təalanın onu qınaması və səhvini açıq ortaya qoyması lazım idi, halbuki yuxarıda keçən ayələrdə də açıq şəkildə göründüyü kimi, Allah Təala nəinki qınamır, əksinə Həzrət İbrahimi müdafiə edir və hadisəni səhv anlayanların səhvini düzəldir.

Bunun şərhi budur ki, Tövbə 113-cü ayənin nazil olma səbəbində də açıqlandığı kimi, müsəlmanlardan bir qismi Rəsulullaha (s.ə.v): "Cahiliyyət zamanında şirk halında ölən atalarımıza bağışlanma diləməyəcəksinizmi?"- dediklərində sözügedən ayələr nazil olaraq, onlara xəbərdarlıq edib və "Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz!" (Tövbə, 113) buyurmuşdu. Çünki onların ataları müşrik olaraq ölmüş və cəhənnəmlik olduqları dəqiqləşmişdi.

Bu ayədən açıq-aydın olan budur ki, müşriklərə bağışlama diləmənin qadağanlığı, onların cəhənnəmlik olduğu tam olaraq ortaya çıxdığı zamandadır. Bu da şirk edərək öldükləri zamandır. Çünki həyatda olduqları müddət hidayət olunmaq ehtimalları vardır. Bu səbəbdən bir kəsin, müşrik bir yaxını həyatdaykən, əgər onun imanına ümid edirsə, onun üçün hidayət və keçmişi üçün bağışlanma diləməsinin bir qorxusu yoxdur.

Bu ayə nazil olduğu zaman müsəlmanlar, əvvəldən nazil olan ayələrdə Quranın Həzrət İbrahimin Azər üçün bağışlanmaq diləməsini eşitmişdilər. Buna görə də ağıllarına belə bir sual gəldi: "Əgər müşriklər üçün bağışlanma diləmək caiz deyilsə, niyə Həzrət İbrahim Azər üçün bağışlanma dilədi?" Allah Təala digər ayədə bunun cavabını vermiş və onun vəziyyətinin onlarınkindən fərqli olduğunu bəyan etmişdir. Çünki Həzrət İbrahim onun üçün bağışlanmaq diləyəndə, hələ o həyatda idi və Həzrət İbrahim onun iman edəcəyinə ümid bəsləyirdi. Buna görə onu hidayətə təşviq etmək məqsədi ilə onun üçün istiğfar etmək vədini verdi və onun üçün istiğfar etdi. Amma Azərin iman etməyib şirk edərək dünyadan getdiyini görəndə isə, artıq ondan təbərri edib, istiğfar etməkdən çəkindi. "Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi." (Tövbə, 114) Bu səbəbdən bu mövzuda əsla Həzrət İbrahimin bir səhvi və ya xətasının olduğundan söhbət belə gedə bilməz.

Qeyd: İbrahim öz atası üçün də bağışlanmaq istəmişdi. (Baxın: İbrahim surəsi 41) Ancaq söhbət burada Azərdən getmir. Azər onun (ə.s) əmisi idi. Daha ətraflı aşağıdakı mövzunu gözdən keçirin:

Azər İbrahim peyğəmbərin (ə.s) atası idi yoxsa əmisi?

  • fidan это нравится




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru