Bə`ziləri özlərinin şura, bey`ət və səhabənin əməlinə iqtida etmək barəsindəki nəzəriyyələrini doğrultmaq üçün Seyyid Şərif Rəzinin "Nəhcül-bəlağə"də Imam Əli (əleyhis-salam)-dan nəql etdiyi bir hədisə istinad edir və onu dəlil gətirirlər. O həzrət belə buyurmuşdur:
«Əbu Bəkrə, Ömərə, Osmana bey`ət edənlər, onlara bey`ət etdikləri şərtlərlə mənə də bey`ət etdilər. Orada olanlardan birinin bir başqasını seçməsi, olmayanın bu bey`əti rədd etməsi mümkün deyil. Məşvərət ancaq mühacirlərlə ənsara aiddir. Onlar toplanaraq birisinə uyub, ona imam demişlərsə, bu, Allahın da razı olduğu bir şeydir. Onların tutduğu işə razı olmayıb, imamı qınamaq, yaxud bir bid`ətə uymaq surətiylə verdikləri hökmdən çıxanı öz insafına qoyarlar. Fəqət israr edərsə, inananların yoluna uymadığı üçün onunla savaşa girərlər və üz çevirdiyi şeyin günahını Allah onun boynuna yükləyər.»
«Nəhcül-Bəlağə»- 6-cı məktüb (I - 6)
Onlar deyirlər: "Imam bu məktubda bey`ət, şura və mühacirlə ənsarın icmasını əsas tutaraq Müaviyəyə dəlil gətirir. Buna əsasən, Imam qeyd etdiyi şeylərin əsasında imamətin təşkil olunmasını səhih bilir." Bu cür iradların cavabını mərhum Əllamə Seyyid Mürtəza Əskəri özünün "Məalimul-Mədrəsətəyn" adlı kitabının 1-ci cildində cavablandırmışdır.
Birincisi: Cavab budur ki, Seyyid Rəzi bə`zən Imam (əleyhis-salam)-ın məktubunun bəlağətin son həddində olan bir hissəsini qeyd edir, amma onun digər hissələrini qeyd etmir. O, həmin üslubdan bu məktubda da istifadə etmişdir. Bu məktubun hamısını Nəsr ibni Müzahim özünün "Siffeyn" adlı kitabında nəql etmişdir. Onun hamısını burada qeyd edirik:
Bismillahir-rəhmanir-rəhim.
Amma bə`d: Mənimlə Mədinədə bey`ət edilməsi Şamda olduğun halda, səni də buna (mənə tabe olmağa) iltizamlı edir. Çünki mənimlə bey`ət edənlər elə Əbu Bəkr, Ömər və Osmanla da bey`ət etmişdilər. Həmin qərarla ki, onlara bey`ət etmişdilər. Belə isə, şahidin seçmə haqqı və qaibin məzəmmət etmə haqqı yoxdur. Çünki yalnız belədir ki, şura – mühacir və ənsarın haqqıdır. Əgər onlar bir nəfərə ittifaq etsələr və onu imam adlandırsalar, bu, Allahın bəyəndiyi bir işdir. Əgər bir kəs eyb axtarmaqla, yaxud üz çevirməklə onların cərgəsindən çıxsa, onu çıxdığı şeyə yenidən qaytararlar. Əgər imtina edərsə, mö`minlərin yolundan başqasına tabe olduğuna görə onunla müharibə apararlar. Allah onu, özünün seçdiyi şeyə qovuşdurar və o, cəhənnəm əhli olar, ora necə də pis yerdir! Həqiqətən, Təlhə və Zübeyr (əvvəlcə) mənimlə bey`ət etdilər, sonra bu bey`əti pozdular. Onların bey`ət pozmaları elə mənə qarşı çıxmalarıdır. Mən də onun əsasında elə onlarla döyüş apardım, nəhayət haqq və Allahın əmri zahir oldu, halbuki onların bu işdən xoşu gəlmirdi. Belə isə, sən də müsəlmanların varid olduğu şeylərə varid ol. Çünki mənim yanımda işlərin ən sevimlisi sənin barəndə sağlamlıq və qurtuluşdur. Amma əgər özünü bəlalar qarşısında qoysan... əgər belə etsən səninlə müharibə aparacaq və Allahdan sənə qarşı kömək istəyəcəyəm. Sən Osmanın qatilləri barəsində uzun-uzadı söhbətlər etmisən, belə isə (əgər düz deyirsənsə, əvvəlcə) müsəlmanların varid olduqları şeyə varid ol, sonra onların şikayətini mənim yanıma gətir ki, səni və onları Allahın Kitabının hökmünə vadar edəm. Amma sənin izlədiyin məsələyə gəldikdə isə, bu, uşağın süd verilməklə aldadılmasına oxşayır! Öz canıma and olsun, əgər həva-həvəs gözü ilə deyil, əql gözü ilə nəzər etsən, Osmanın qanı barədə mənim Qüreyşin ən pak adamı olduğumu bilərsən. Bil ki, sən "tüləqa"dansan və azad edilmişlərdənsən. O kəslərdənsən ki, xilafət onlara rəva deyildir və şura onların halına şamil olmaz. Indi Cərir ibni Əbdüllahı – mö`minlər və mühacirlərdən olan bu şəxsi sənə və sənin ətrafındakılara tərəf göndərirəm. Belə isə, bey`ət et! Allahın qüvvəsindən başqa heç bir hövl-qüvvə yoxdur."
Nəsr ibn Müzahim - «Siffeyn», seh. 29, Qahirə çapı, 1382
Bu məktubdan aydın olur ki, Imam Əli (əleyhis-salam) elə bir şeyə istinad edir ki, Müaviyə və onun kimiləri onu qəbul etmişdilər və (ona əməl etməyə) iltizamlı idilər. Imam (əleyhis-salam) ona deyir: "Mənimlə Mədinədə bey`ət edilməsi Şamda olduğun bir halda, səni də (mənə tabe olmağa) iltizamlı edir. Necə ki, ondan əvvəl də Şamda olduğun vaxtlar Osmanın bey`ətinə iltizamlı idin. Həmçinin, mənimlə edilən bey`ət Mədinədən xaricdə olan sənin kimiləri də ona iltizamlı edir. Necə ki, ömərlə Mədinədə edilən bey`ət başqa yerlərdə yaşayanları da buna iltizamlı etmişdi."Beləliklə də, Əli (əleyhis-salam) Müaviyəni də buna iltizamlı edir (o dövrdə Müaviyə və onun kimilər xüləfa məktəbində ona iltizamlı olduğu kimi). Bu da əql sahibləri tərəfindən qəbul olunan bir işdir, çünki müxalif şəxslərlə, onların qəbul edib iltizamlı olduqları şeylə ehticac edirlər (dəlil-sübut gətirirlər).
Ikincisi: O həzrət buyurur ki, "əgər onlar (mühacir və ənsar) bir nəfərin barəsində ittifaqa gəlsələr və onu imam adlandırsalar, bu da Allahın razılığı və bəyəndiyidir." Bu cümlə bə`zi nüsxələrdə belə qeyd olunur: "Bu, razılıq və bəyənilən bir işdir." (Bax: «Nəhcül-bəlağə», Misrin «İstiqamət» çapı. Burada «ləfzi cəlalə» - yəni Allah kəlməsi mötərizədə yazılmışdır. Bu da onun bəzi nüsxələrdə olmadığını göstərir) Yə`ni onların – mühacir və ənsarın razılıqda olduğu şeydir. çünki onların öz ixtiyarı və seçməsi ilə olmuş, qılıncla, zor gücü ilə bu işə məcbur edilməmişlər. Hətta əgər imamın "bu, Allahın bəyəndiyi və razı olduğu şeydir" – dediyini fərz etsək belə, cavabda deyirik ki, "Bəli! Əgər bu, bütün mühacir və ənsarın – heç biri istisna olmadan – razılığı sayılarsa, bu halda Imam Əli, Peyğəmbərin iki nəvəsi Həsən və Hüseyn də onların sırasında olduğundan bu icma və ittifaq Allahın razı olduğu şeylərdən olacaqdır."
Mən bilmirəm, necə olur ki, onlar Imam Əli (əleyhis-salam)-ın "Nəhcül-bəlağə"dəki bu sözünə istinad edirlər, amma Şərif Seyyid Rəzinin həmin "Nəhcül-bəlağə"də rəvayət etdiyi başqa sözünü nəzərə almır, onu unudurlar?! Belə ki, Seyyid Rəzi "Nəhcül-bəlağə"nin "Hikəm" babında belə qeyd etmişdir: "Peyğəmbərin vəfatından sonra Səqifə xəbərlərini həzrət Əliyə çatdırdılar, o həzrət buyurdu: "Ənsar nə dedi?" "Dedilər ki, bir əmir bizdən olsun, bir əmir də sizdən" - deyə, cavab verdilər. Imam buyurdu: "Nə üçün onlara "Allahın Peyğəmbəri vəsiyyət etmişdir ki, onların yaxşı adamlarına ehsan olunsun, pis adamlarından güzəştə gedilsin" - deyə dəlil gətirmədiniz?" Dedilər: "Bu sözdə onlara qarşı necə bir höccət ola bilər?" Imam buyurdu: "Əgər əmirlik onlara məxsus olsaydı, onların barəsində heç bir vəsiyyət etməzdi!" Sonra buyurdu: "Bəs Qüreyş nə dedi?" Cavab verdilər: "Onlar özlərinin Peyğəmbər şəcərəsindən olmalarını dəlil gətirdilər." Əli (əleyhis-salam) buyurdu:
اِحْتَجُّوا بِالشَّجَرَةِ وَاَضَاعُوا الثَّمَرَةَ
"Peyğəmbər şəcərəsinə istinad edib onun meyvəsini zay etdilər!"Qeydlər:
İstifadə olunmuş mənbələr:
1. Seyyid Şərif Rəzi - "Nəhcül-bəlağə"
2. Seyyid Mürtəza Əskəri - "Məalimul-Mədrəsətəyn" -1-ci cild / səh. 192-194)