İlahi imamları (rəhbərləri) insanlar deyil, Allah özü insanlar üçün seçir. Bunun dəlili Qurani-Kərimdə olan bu ayələrdir: "Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: "Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim". (İbrahim) dedi: "Övladlarımdan necə?" Dedi: "Mənim əhd-peymanım (İmamət) zalımlara nəsib olmaz"”. (“Bəqərə” 124)
İbrahim peyğəmbərin (ə) istəyinə əsasən Allah Təala Qurani-Kərimdə buyurur: "Və (oğlu) İshaqı və (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona (İbrahimə) əta etdik və hamısını saleh və (peyğəmbərlik məqamına) layiq etdik. Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən imamlar (rəhbərlər) etdik". (“Ənbiya” 72-73)
Deməli, bu mübarək ayələrə əsasən, insanlar üçün İlahi imamları Allah özü seçir və bu qanun da dəyişilməzdir. Çünki, Allah Qurani-Kərimdə buyurub: "Sən Allahın qanunlarında əsla bir dəyişiklik tapmazsan". (Əhzab 62) Bütün İslam ümmətinə sabit olmuşdur ki, Peyğəmbər (s) buyurub ki: "Mənin on iki xəlifəm olacaq". Yəni onlar Rəsuli-Əkrəmin (peyğəmbərlikdən başqa) ümmətinin içində bütün vəzifələrini icra edən şəxslər olacaqlar.
Qeyd olunan mübarək ayələrə əsasən də, Allahın qanunlarına istinadən Peyğəmbərin (ə) haqq olan on iki xəlifəsini Allah Özü seçməlidir, nəinki, insanlar. Diqqət etmək lazımdır ki, Peyğəmbərimiz (s) risalətlə bərabər, həm də insanlara İlahi imam təyin olunmuşdur. Əqli və nəqli dəlillərdən bəlli olur ki, Rəsuli-Əkrəmin (s) ümmətə rəhbərliklə bağlı vəzifələrini ondan sonra həyata keçirdən on iki xəlifəsi də İlahi imamlardırlar. Onlar – İslam ümmətini idarə edən, Allah tərəfindən rəsmi təyin olunmuş İlahi imamlardırlar. Bunun dəlili olaraq, o cümlədən, bu mübarək ayə çıxış edir: "Mən, yalnız mənə vəhy edilənə tabeyəm". (“Əhqaf” 9). Deməli, Peyğəmbərin (s) on iki xəlifəsinin olacağının bildirilməsi – Allahın Peyğəmbərə (s) olan vəhyidir və bu, Allahın seçimidir. Qeyd olundu ki, Peyğəmbər (s) yalnızca ona olunan vəhyə tabe olur və özündən heç nə danışmır. Bu müddəa, “Nəcm” surəsinin 3-4-cü ayələrində bir daha təsdiqini tapır: “O, əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız ona ilham olunan vəhydir”.
Bəs mümkündürmü ki, Allahın Peyğəmbərdən (s) sonra yer üzünə təyin etdiyi İmamların (ə) yalnızca saylarının on iki şəxs olacaqları bildirilə, amma onların adları Rəsuli-Əkrəmə (s) bildirilməyə?! Təbii ki, əql bunu qəbul etməz. Yaxud da, Peyğəmbərimiz (s) bu adları bilə, amma ümmətə bildirməyə ki, yekunda insanlar rəhbər axtarışında məəttəl qalsınlar?! Hərə bir rəhbər tapsın özünə və həlak olsun?! Əsla belə bir şeyi heç kəs iddia edə biməz! İddia edən bunu yalnız qərəz üzündən edə bilər.
Axı ayələrdə qeyd olunan İlahi qanunlara əsasən, İmamları (ə) Allah Özü seçir və deməli, onların adlarının da bildirilməsi təbii və məntiqlidir. Mümkün ola bilərmi ki, bu cür məsuliyyətli bir vəzifəni (on iki İmamın kim olmasını) Allah və Onun Rəsulu (s) insanların ixtiyarına buraxsın ki, gedin özünüz axtarın, tapın, seçin və təyin edin o şəxsləri? Buinu kimsə qəbul edə bilər? Yemək-içməyin bəyənilən qaydasından tutmuş, hansı böyür üstə yatmağın daha düzgün olmasınadək hər şeyi ümmətə çatdıran Rəsulallah (ə), ümmətin kimin ardınca getməli olmasını xaotik və sistemsiz bir seçimin ümidinə qoya bilərdimi?! Əsla belə məsələ ola bilməz və qeyd etdiyimiz kimi, belə iddialar yalnız İslamı gözdən salmaq istəyənlərin məntiqinə uyğun ola bilər.
Mötəbər sənədli hədislərimizdə o mübarək olan on iki xəlifənin (on iki İmamların) kimlər olmasının adları da dəqiqliklə açıqlanmışdır. Bu sənədlərin mötəbərliyi, Qurani-Kərimin məntiqi ilə tamamilə dəstəklənir. Belə ki, mübarək ayələrdən əxz olunur ki, İlahi İmamı Allah seçməli və onun kim olmasını Peyğəmbərinin (s) vasitəsi ilə bildirməlidir. Bu qaydanı Qurani-Kərim və əql təsdiqləyir. Elə Qədir-Xum hadisəsi də - İmam Əlinin (ə) Peyğəmbərdən (s) sonra xəlifə seçilməsinin elanı – bunun ən bariz nümunəsidir. Mötəbər sənədlərlə təsdiq edilir ki, Peyğəmbərimiz (s) bir çox başqa yerlərdə də İmam Əlinin (s) imamətindən danışmışdır.
Allah Təala ümməti Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunda sabitqədəm qərar versin!
Сообщение отредактировал qulam: 09 сентября 2015 - 00:42