Перейти к содержимому


Фотография

İmamlar (Ə.s) Özlərindən Hədis Söyləyiblərmi? Və Onların Hədisləri Mürsəldirmi?


  • Авторизуйтесь для ответа в теме
В этой теме нет ответов

#1 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 30 июня 2019 - 23:38

Bəziləri belə bir yersiz iddia ortaya atırlar ki, Əhli-Beyt (ə) məktəbinə aid olan hədislərin sənədlərinin çoxu mürsəldir. Mürsəl hədis – zəif hədis hökmündədir. Mürsəl hədis ona deyilir ki, məsələn bir şəxs Peyğəmbəri (s) görməyə-görməyə ondan hədis nəql edir. Yəni Peyğəmbəri (s) görməyən şəxs, təbii ki, o Həzrətin (s) özündən hədis eşitməyib və kimdənsə nəql edir. Buna əsasən, belə hədisin sənədinə mürsəl deyərlər.

Burada bir haşiyəyə çıxaq ki, istisna olaraq, bəzi hədis nəql edən şəxslərin mürsəl hədisləri səhih hökmündədir.

Belələri iddialarında o yerə çatırlar ki, bəzi Əhli-Beyt İmamları (ə) üçün də deyirlər ki, onlar Həzrət Peyğəmbəri (s) bilavasitə görmədikləri halda Peyğəmbərdən (s) hədis nəql ediblər və bu səbəbdən bu hədislərin sənədi guya mürsəl hökmündədir.

Məsələn İmam Sadiqdən (s) hədis nəql ediləndə ki, Həzrət Peyğəmbər (s) bu cür və bu cür buyurub və onlar deyirlər ki, bir halda ki, İmam Sadiq (ə) Peyğəmbəri (s) görməyibdir, bu səbəbdən iddia edirlər ki, belə hədislər guya mürsəldir.

Əlbəttə ki, bu cür iddiaçılar İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün istisnalar edirlər, çünki, bu əziz İmamlar (ə) Həzrət Peyğəmbəri (s) görüblər və bilavasitə o Həzrətin (s) özündən hədis eşidiblər.

Keçək bu iddiaların cavabına.
Əvvəla bunu qeyd etməliyik ki, bizim əlimizdə olan nəqli dəlilllərə (hədislərə) əsasən, Əhli-Beyt İmamları (ə) – Həzrət Peyğəmbərin (ə) haqq olaraq on iki xəlifəsidir (canişinləridir) və Peyğəmbərin (s) elminin varisləridirlər. Yəni Peyğəmbərin (s) elmi və eləcə də, o Həzrətin (s) söylədiyi hədislər – Əhli-Beyt İmamlarının (ə) yanında Allahın izni ilə hər zaman hazır və mövcud olmuşdur.

Məsum İmamlar (ə) nəsil olaraq vəhy ailəsinə mənsub olduqları üçün, Peyğəmbərin (s) elmi və hədisləri, Allahın izni ilə, İmamlara (ə) silsilə ilə ata və babaları vasitəsilə yetişmişdir. İmamlar (s) özlərindən hədis nəql etməmişdirlər və söylədikləri hədislər – ata və babalarından eşidilərək, silsiləvi surətdə Həzrət Peyğəmbərin (s) birbaşa özündən yetişən hədislər olmuşdur.

Beləliklə, İmamların (ə) söylədikləri hədislərin sənədlərini, qətiyyən mürsəl adlandırmaq olmaz. Bu hədislər sənəd baxımından zəncirvari olaraq İmamlara (ə) ata və babalarından yetişmişdir və ilk mənbə olaraq, Həzrət Peyğəmbərdən (s) birbaşa nəql edilən hədislərdir.

Məsum İmamlar (ə) Peyğəmbərdən hədis nəql edərkən, hər dəfə hədisin sənədində “ata və babalarımdan belə eşitdim və onlar da Peyğəmbərdən (s) belə eşitdilər” kimi ibarələr işlətməyə lüzum görməyiblər. Çünki, onların ardıcılı olan və onları sevən şəxslər bilirlər ki, İmamlar (ə) hədisləri ata və babalarından, onlar da bilavasitə Həzrət Peyğəmbərdən (s) nəql ediblər.

İndi isə keçək bu barədə İmamların (ə) hədislərdə öz buyuruşlarına.

İmam Baqir (ə) buyurmuşdur: "Ey Cabir, Allaha and olsun, əgər biz (Əhli-Beyt)camaatla öz rəyimizə əsasən danışıb hədis söyləsəydik, mütləq həlak olardıq.
Biz (Əhli-Beyt) onlara Peyğəmbərdən (s) bizə qalan, camaat qızıl və gümüşü yığıb-topladıqları kimi, bizim də böyüklərimizin (ata və babalarımızın) miras apararaq yığıb-topladıqları rəvayətlərə əsasən hədis danışırıq".

İmam Sadiq (ə) buyurmuşdur: "Əgər biz (Əhli-Beyt) camaata öz rəyimizlə və həvayi-nəfsimizdən fətva versəydik, mütləq həlak olardıq.
Lakin bunlar (söylədiklərimiz) Peyğəmbərdən (s) olan rəvayətlər və elmin köküdür ki, böyüklər böyüklərdən (atamız babalarımızdan) miras aparır.
Camaat qızıl və gümüşlərini yığıb-topladıqları kimi, biz də bunu yığıb toplamışıq".

İmam Sadiq (ə) buyurmuşdur: "Biz Rəbbimizin Peyğəmbəri (s) üçün açıqladığı və onun da bizə bəyan etdiyi dəlillərə əsaslanırıq. Əgər belə olmasaydı, (avam)camaat kimi olardıq".
(Mənbə: Şeyx Səffar, “Bəsairud-dərəcat”, 6-cı hissə, 14-cü bab)

İmam Sadiq (ə) buyurmuşdur: “Mənim hədisim – atamın hədisidir. Atamın hədisi isə babamın hədisidir. Babamın hədisi isə Hüseynin və Həsənin (ə) hədisidir. Hüseynin və Həsənin (ə) hədisi isə Əmirəl-möminin Əlinin (ə) hədisidir. Əmirəl-möminin Əlinin (ə) hədisi isə Allah Rəsulunun (s) hədisidir. Allah Rəsulunun (s) hədisi də Azzə və Cəllə olan Allahın sözüdür".
(Mənbə: “Üsuli-kafi”, Elmin fəziləti ktabı, 17-ci bab)

İmam Sadiq (ə) buyurmuşdur: "Bizim hədisimiz – Allahdan və Onun Rəsulundandır. Bizim axırıncımızın sözü – əvvəlinci olanımızın sözüdür və əvvvəlincimizin sözü isə axırıncımızın sözünü təsdiq edər".
(Mənbə: “Rical əl-Kəşşi”, səh. 164)

Hədislərdən gördüyümüz kimi, İmamların (ə) hədisləri – böyükləri olan ata və babalarının hədisləridir və onların da hədisləri – Həzrət Peyğəmbərin (s) özünün hədisləridir.
Yəni İmamlardan (ə) olan hədislər – qeyd etdiyimiz və başqa xüsusi dəlillərə də əsasən, mürsəl hökmündə deyillər. Əksinə – ən möhkəm dəlil və sübuta əsaslanır.
İmamların (ə) sözləri (hədisləri) ilham yolu ilə ya Allahdandır ya da ki, ata-babaları vasitəsi ilə Peyğəmbərdən yetişən (s) hədislərdir.

Allah Rəsulunun (s) hədislərini oxuyub, əməl etməyi Allah bizlərə nəsib etsin!




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru