Bismillahir rəhmanir rəhim
Müsəlmanın yalnız özünü müsəlman adlandırmaqla kifayətlənərək, ona xoşbəxt həyat bəxş edən İslam dininin göstərişləri ilə tanış olmayıb, ona əməl etməməsi düzgün deyil. Çünki həqiqi müsəlman olmağın yolu İslam buyuruqlarına əməl etməkdən keçir. İdrak və təfəkkürünü İslamın sarsılmaz etiqadi prinsiplərinə və əməli göstərişlərinə uyğun şəkildə formalaşdıran şəxs həqiqi müsəlman ( mömin) sayılar. Belə şəxs dünyada rahat və maraqlı ömür sürər, axirətdə isə cənnətlə mükafatlandırılar. Elə buna görə də hər bir müsəlmanın İslamın etiqadi prinsiplərini mənimsəməsi və onlara uyğun göstərişləri əməli şəkildə həyata keçirmək istiqamətində səy göstərməsi zəruri hesab edilir.
Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Hucurat-14)
İslam təlimləri aşağıda göstərilən üç hissəyə bölünür:1) Etiqadi prinsiplər (üsulud-din).
2) əməli və dini-hüquqi göstərişlər (füruud-din) və.
3) əxlaq (etik normalar).
İslamın etiqadi prinsiplərinə əqidə bəsləyən, əməli və dini-hüquqi göstərişləri həyata keçirən və İslam əxlaqı ilə özünü zinətləndirən şəxs hər iki dünyada səadətə qovuşacaqdır.İnşəallah.
Etiqadi prinsiplər (üsulud-din).
1) Tovhid (Allahın birliyinə və şəriki-bənzəri olmamasına inam).
2) Ədl (Allahın ədalətli olmasina inam).
3) Nübuvvət (peyğəmbərlərin (ə) haqq olmasına inam).
4) İmamət (məsum imamların (ə) haqq olmasına inam).
5) Məad (axirət aləminə inam).
Əməli və dini-hüquqi göstərişlər (füruud-din) .
Ikinci bölümün izahina başlamazdan öncə qeyd etmək lazımdır ki, İslamın etiqadi prinsipləri insanın təfəkkür və düşüncələri ilə bağlıdır. Buna görə də ona inamı hər bir müsəlman özü özündə möhkəmləndirməlidir(üsuli-dində təqlid olmaz. Lakin füruud-din isə çox geniş, hətta insan həyatının bütün xırdalıqlarını əhatə edəcək qədər əhatəlidir. Yəni bu məsələ fərdi-ictimai, yaxşı-pis, bir sözlə insanın doğum günündən başlayaraq ölüm gününə qədər olan böyük bir zaman kəsiyini əhatə edir. Bir çox hallarda hər insan bütün bu məsələlərdə ictihad iqtidarında olmur. Ona görə də ələm müctehiddən təqlid etməlidir. İslamda füruud-din coxşaxəli olmasına baxmayaraq, biz onun mühüm və hər an bizə lazım ola biləcək həyati hissələrinə nəzər salacağıq.
Füruud-din aşağıdakılardır:
Namaz, oruc, xüms, zəkat, həcc, cihad, əl-əmru bil-məruf(vacib və müstəhəbb əməllərə mərhələli şəkildə dəvət etmək), ən-nəhyu ənil-munkər(məkruh və haram əməllərdən mərhələli şəkildə çəkindirmək), təvəlla (Allahın dostları ilə dost olmaq), təbərra (Allahın düşmənləri ilə düşmən olmaq).
Qeyd etmək lazımdır ki, füruud-dinin yuxarıda qeyd olunan on bölümü və alqı-satqı, nikah, talaq, qisas, qanbahası və s. bir çox başqa məsələlər haqqında, “Tovzihil-məsail” kitablarında ətraflı bəhs edilmişdir.Buna görə təqlid üçün seçdiyiniz müctəhidin fətvaları əsasında əməl edin.
Əxlaq -(etik normalar)
İslam peyğəmbəri (s) həzrət Məhəmməd (s) özünün həmişəyaşar kəlamı ilə (Həqiqətən, gözəl əxlaqi normaları təkmilləşdirmək üçün məbus oldum) peyğəmbərliyinin başlıca məqsədini açıqladı. Qurani-kərim İslam peyğəmbərini (s) mədh etmək istədikdə ona muraciətlə buyurur:
اِنَّکَ لَعَلی خُلقٍ عظیم
“Həqiqətən sən gözəl və böyük əxlaqi xüsusiyyətlərə maliksən”.
Bu, İslamın əxlaqa böyük əhəmiyyət verdiyini göstərir.İslam, əxlaqı dindarlıq, təqva və pərhizkarlıqla birgələşdirir və onun dörd əsas formasını göstərir:
1) İnsanların bir-birlərinə qarşı xoşniyyətli olması;
2) cəmiyyətdə yaşayan insanlara qarşı xoş davranması;
3) insanlara, dost və ya düşmən olmasından asılı olmayaraq, xoş dillə danışmaq;
4) nəinki insanlarla, həm də bütün varlıqlarla xoş və mülayim rəftar etmək.
Ədəb qaydalarının isə iki möhkəm əsası olduğunu göstərir:
1) Fərdi ədəb qaydaları; yemək və içmək, geyim, yatmaq, səfər, sağlamlıq, xəstələnmək və s. İslam bütün bunlar haqqında ayrıca dini-faydalı göstərişlər vermışdir.
2) İctimai ədəb qaydaları; valideyn-övlad, övlad-valideyn münasibətləri, qohumlar, müəllim-şagird münasibətləri, dost, qonşu, ümumiyyətlə bütün insanların bir-birləri ilə davranışı. Bu davranışlara diqqət yetirmək cəmiyyətin şən, şad və mehriban olmasının qarantıdır.
Əxlaqi baxımdan əməl olunması və ya tərk edilməsi zəruri olan məsələlərə qısaca nəzər salaq:
Haram əməllər.
İslamda qadağan olunan əməllər “haram” adlandırılır.
Haram əməllər aşağıdakılardır:
1) Zülm və haqsızlıq;
2) israf;
3) başqalarını məsxərə etmək;
4) xalqa əziyyət vermək;
5) digərlərinin sirrini açmaq;
6) yalan;
7) ata-ananı narahat etmək;
8) xalq əmlakını mənimsəmək;
9) zina(evlənmək haram olan qadınlarla qeyri-şəri cinsi əlaqə);
10) homoseksualizm(həmçinin lizbiyanlıq və uşaqbazlıq);
11) qadının naməhrəm kişiyə və kişinin də naməhrəm qadına baxması;
12) şərab içmək(sair psixatrop maddələr qəbul etmək);
13) qumar oynamaq;
14) rüşvət almaq;
15) murdar, donuz və digər haram ətləri yemək;
16) icazəsi olmadan digərlərinin malından istifadə etmək;
17) alverdə aldatmaq;
18) kişilər üçün qızıl ləvazimatından istifadə;
19) sələmçilik;
20) fırıldaqlıq;
21) istimna(onanizm və mastrubasiya);
22) digərlərinin sirrini öyrənməyə can atmaq;
23) qeybət və söz gəzdirmə;
24) (haram musiqi və səslərə) qulaq asmaq və haram musiqilər oxumaq;
25) terror etmək;
26) oğurluq;
27) digərlərinin pozğun əməlləri üçün şərait yaratmaq;
28) xəyanət;
29) Qurana zidd hökm vermək;
30) digərlərinin hüququnu pozmaq;
31) kafir və zalımlarla həmkarlıq etmək;
32) acı sözlərlə başqalarını incitmək və s.
Ədəb qaydaları.
Möminlərə zinət olan fəzilətli əməllər aşağıdakılardır:
1) İnsaf;
2) yaxşı işlərdə həmkarlıq;
3) səbir və mətinlik;
4) xalq arasında barışıq, sülh yaratmaq;
5) əməldə ixlas;
6) Allaha təvəkkül;
7) helm və dözümlülük;
8) valideynlərə - ata-anaya yaxşılıq;
9) ehsan vermək;
10) iffət;
11) uca səslə salam vermək;
12) təmizlik;
13) elm öyrənmək;
14) xalqla yaxşı, səmimi davranmaq;
15) səxavət;
16) şücaət və qorxmazlıq;
17) sileyi-rəhm (qohumlarla əlaqə saxlamaq);
18) heç bir işdə həddini aşmamaq;
19) yaxşı və nümunəvi əxlaq;
20) yoxsullara, kimsəsizlərə yardım göstərmək;
21) təvazökarlıq;
22) ehtiyacı olanlara yardım etmək;
23) digərlərinin səhvinə(yəni məkruh və şəxsi məsələlərdə) göz yummaq;
24) təqva(Allahdan utanıb günah etməmək);
25) doğru danışmaq;
26) digərlərinə ehtiramla yanaşmaq;
27) gülərüz olmaq;
28) pis əməllərdən çəkinmək;
29) ailə qurmaq;
30) Allahın nemətlərinə qarşılığında şükür etmək.
Məkruh əməllər
İnsanı uçuruma sürükləyən bəyənilməyən (məkruh) əmələr aşağıdakılardır:
1) İntiqam hissi(şəxsi zəminədə);
2) təkəbbürlü olmaq;
3) sərvət toplamaq (və dünyaya bağlılıq);
4) eqoistlik;
5) faydasız işlər görmək;
6) faydasız sözlər danışmaq;
7) üzərinə düşən vəzifənin icrası zamanı tənbəllik etmək;
8) qorxu;
9) fəlakət zamanı səbirsizlik;
10) vəzifəpərəstlik;
11) əhdə vəfa qılmamaq və ya verdiyi sözə əməl etməmək(ciddi məsələlərdə haramdır);
12) tamahkarlıq;
13) iradəsizlik;
14) yersiz təəssübkeşlik;
15) tərdidli olmaq;
16) kin bəsləmək;
17) tələsmək;
18) Allahı yada salmamaq və Ona diqqətsizlik;
19) əxlaqsızlıq;
20) daşürəkli olmaq;
21) minnət qoymaq və s.
Qeyd etdiyimiz bu əməllər hamısı müstəhəb və ya məkruh deyil, arasında vacib və ya haram olan əməllər də mövcuddur.
Deməli, hər bir müsəlman şəxs etiqadi prinsiplərini öyrənməklə yanaşı dinin ədəb qaydalarını da mənimsəməli və onlara əməl etməyə çalışmalıdır. Əks təqdirdə imanda qanadsız quşa, bənzəyəcəkdir. Hansı ki, hərəkət etmək qabiliyyətindən məhrumdur. Müsəlman şəxslərin yalnız mən müsəlmanam deyə iddia etməsi kifayət deyil. Bu zaman o, sağlam olduğunu iddia edən xəstəyə bənzəyəcəkdir. Xəstənin mən sağlamam deyə iddia etməsi, onun halının dəyişməsinə səbəb olmadığı kimi, dini qayda-qanunlara əməl etməyən müsəlmanın iddia etməsi də faydasızdır. Dünyamızı abad, axirətimizi isə ürəkaçan etmək üçün sözümüzlə əməlimizi tövbə edərək bir etməliyik.
və Allahın salamı ,rəhməti və bərəkəti üzərinizə olsun!!!
Bu cür böyük məqalələrə yaxşı olar ki, ya ssılka verəsiz, ya da ki, internetdə deyilsə fayl şəklində foruma yükləyə bilərsiz.
Сообщение отредактировал al-Fath: 22 мая 2009 - 22:07