Əvvəla buna forumda bir neçə dəfə cavab verilib. Əsrlər boyu Siz əhli-sünnətin sualları dəyişmədi ki. dəyişmədi.
Sənən cavabını elə Əli (ə) özü verib, elə yazdığın mətndə.
O həzrət "Şiqşiqiyyə" xütbəsində mühacir və ənsarın onun evinə daxil olmasından yaranan izdihamı belə vəsf edir:
Sən gərək o xübtəyə baxardın:
ŞİQŞİQİYYƏ XÜTBƏSİ
And olsun Allaha ki, filankəs onu bir köynək kimi geyindi, halbuki çox yaxşı bilirdi ki, mən xilafətə nisbətdə dəyirman daşının mili kimiydim. Xilafət mənim ətrafımda fırlanırdı. Sel məndən axardı, uçduğum yerə heç bir quş uça bilməzdi. Xilafətlə arama bir pərdə çəkdim, onu qoltuğumdan sivirib atdım. Düşundum: kəsilmiş qolumla həmlə edim, yoxsa bu zülmət korluğa səbr edim? Özü də elə bir korluq ki, qocaları əldən salar, uşağı qocaldar. İnanan isə Rəbbinə yetişənə qədər bu zülmətdə əzab çəkər (1).
Gördüm ki, səbr etmək daha doğrudur – səbr etdim. Səbr etdim, amma gözümdə tikan vardı, boğazımda sümük vardı. Mirasının yəğmalandığını görürdüm. Birincisi onu filankəsə verib getdi (2)
(Sonra Ə`şanın bu beytini oxudular:)
Bu gün dəvəyə minmişəm, səfər zəhmətinə düşmüşəm, Cabirin qardaşı Həyyanla olduğum gün bu günlə müqayisə oluna bilərmi?(3)
Necə də heyrətli bir şeydir ki, həyatda ikən xalqa təklif edərdi ki, onu rahat buraxsınlar, amma ölümündən sonra yerinə başqasının keçməyinə səbəb oldu (4). Bu iki adam, dəvənin iki döşü kimi xilafəti aralarında bölüşdürürdülər. O xilafəti dərəli-təpəli, şoran bir yerə atdı. Sözü sərt idi, insanı yaralayırdı, onunla rastlaşıb görüşənləri incidirdi. Bütün məsələlərə şübhə ilə yanaşar, tez-tez bəhanə gətirərdi. Onunla danışan, yoldaşlıq edən, baş aparan bir dəvəyə minmiş adama bənzərdi. Burnuna keçən yüyənini dartsa, burnu yırtılar, yaralanardı. Boş qoysa, üstündəkini ölüm çalasına atar, həlak edərdi. Allahın əbədiliyinə and olsun, xalq onun zamanında nə edəcəyini bilmirdi. Yoldan çıxdı, rəngdən-rəngə girdi, ora-bura vurnuxdu (5). Uzun müddət ağır möhnətlərə düşdüm, səbr etdim. O da yoluna düzəldi. Xəlifəliyi bir cəmiyyətə verdi ki, mən də sanki onların biriydim.
Allahım, sənə sığınıram: necə də deyingən bir cəmiyyət idi bu. Onların hansı birincisi ilə mənim haqqımda şübhəyə düşdü ki, bu çür adamlara qatıldım? Fəqət enən zaman onlarla endim, qalxan zaman onlarla qalxdım. Enişdə-yoxuşda onlarla birgə oldum. Aralarından biri, həsəddən doğru yolunu azdı. Bir başqası, damadı olduğu üçün ona uydu, məndən üz çevirdi. O biriləri isə elə işlər tutdular ki, dilə gətirmək də olmur (6).
Bu zaman qövmün üçüncüsü qalxdı həm də elə qalxdı ki, iki tərəfi də yellə dolmuşdu. İşi-küçü, yediyini çıxaracaq yerlə yeyəcəyi yer arasında gedib gəlmək idi. Onunla birlikdə atasının oğulları da işə girişdilər. Yazda dəvə otları, çayır-çəməni necə yeyərsə. Allah malını o cür yeyib dağıtdılar. Axırda onun da ipi çözüldü, hərəkəti, tezliklə yaralanıb öldürülməsinə səbəb oldu. Qarnının yekəliyi onu bu hala saldı, işini bitirdi (7).
Sonra xalq hər tərəfdən axışıb kaftarın boynundakı tüklər kmi mənim ətrafıma toplaşdı. Bu məni çox əzdi. Adam o qədər çox idi ki, Həsənlə Hüseyn az qala ayaq altında qalacaqdılar. Qoyunlar ağıla necə toplanarsa, o cür ətrafıma yığıldılar. Bu həngamədə paltarım da cırılmışdı (8).
Amma işi əlimə aldıqdan sonra bir bölük bey`ətdən döndü, əhdini pozdu. O biri bölük ox yaydan çıxan kimi firıldadı, inancından vaz keçdi. Başqaları da itaətdən çıxdılar. Sanki onlar, nöqsan sifətlərindən münəzzəh olan Allahın: «Bu, axirət yurdudur, biz onu yer üzündə ucalıq və fitnə-fəsad istəməyənlərə veririk və nəticə çəkinənlərindir» buyurduğunu eşitməmişdilər («Qisəs» surəsi, 8-ci ayə). Bəli, and olsun Allaha, əlbəttə, eşitmişlər də, əzbərləmişlər də. Fəqət dünya gözlərinə bəzənmiş bir şəkildə göründü, onun bəzəyi xoş gəldi onlara (9).
Amma bunu da bilin ki, and olsun toxumu əkənə, insanı yaradana, bu cəmiyyət bey`ət üçün yığılmasaydı, zalımın doyub zülm etməsi, məzlumun ac qalmaması haqqında Allahın ariflərdən aldığı əhdü-peyman olmasaydı, xilafət dəvəsinin yüyənini üstünə atardım, ümmətin sonuncusunu birincisinin kasasıyla suvarıb gedərdim. Siz də anlamış olarsız ki, bu dünyamızın dəyəri mənim gözümdə bir dişi keçinin asqırığı qədər yoxdur.
(Rəvayətə görə, söz bura çatanda İraq əhalisindən biri durub Həzrətə bir kağız verdi. Həzrət kağızı oxumağa başladı. Qurtaranda İbni Əbbas dedi: «Ey mö`minlər Əmiri, qaldığın yerdən sözünü davam etdir.» Əmir-əl-mö`minin əleyhissəlam buyurdu:)
Heyhat, ey Əbbas oğlu, qızmış nərin ağzına gələn bir köpük idi bu; gəldi də, qayıtdı da (10).
___________________________
(1) «Filankəs» dedikdə birinci xəlifə Əbubəkr nəzərdə tutulur.
(2) Buradakı «filankəs» isə ikinci xəlifə Ömərdir.
(3) Ə`şa – Əbu Bəsir Meymun b. Qeysdir. Çahiliyyə şairlərindən İmriül Qeys və Nabiğə kimi məşhur şairlərdən sayılmış, gözəl səsə malik olmuşdur. Həzrət Rəsuli-Əkrəmə (s) mədhiyyə yazmış, hüzurunda oxumağa gedərkən Əbu Süfyan mane olaraq geri qaytarmışdır. Yolda dəvədən yıxılıb ölmüşdür. Həyyan, öz nəslinin ağsaqqalı idi. İran şahı ilə, Ə`şa ilə dostluğu vardı. Ə`şadan ayrıldıqdan sonra söylədiyi qəsidədə bu beyti işlətmişdi.
(4) Rəvayətə görə, bey`ətdən sonra Əbubəkr demişdir: «Məni buraxın, mən sizin xeyirliniz deyiləm». Həzrət Əmiri, Əbubəkrin yanına apardıqda, Ömər: «Bey`ət etməyincə səndən əl çəkməyəcəyik» demiş və bu cavabı almışdı: «Bu südü yaxşı sağ, yarısı sənin olacaq; bu gün onun faydası üçün düzüb qoşduğun bu iş sabah sənə fayda verəcək.»
(5) Ömərin şəxsi ictihadlarına işarə edilir.
(6) Ömər yaralandıqda vəfat edəcəyini hiss edib yanındakılara demişdi: «Əbu Übeydə sağ olsaydı, onu xəlifə edərdim. Hüzeyfənin köləsi Salim sağ olsaydı, bu işi ona verərdim». Sonra yeddi adamın adını çəkmiş, bunlardan Səid b. Zeydi, öz nəslindən olduğuna görə, o birilərə qatmamışdı. Sə`d b. Əbi-Vəqqas, Əbdürrəhman b. Övf, Təlhə, Zübeyr, Osman və Əlidən ibarət bir şura qurulmasını və bu şuraya Əbdürrəhmanın başçılıq etməsini buyurmuşdu. Bu altı nəfəri xarakterizə edərək demişdi ki, Sə`d sərtdir, Əbdürrəhman bu ümmətin Qarunudur, Təlhə lovğa, Zübeyr xəsisdir, Osman öz nəslini sevir, Əli isə xəlifəliyə çox hərisdir. Sonra Süheybə əmr etdi ki, üç gün xalqa namaz qıldırsın. Əbu Təlhəyə tapşırdı ki, şura üzvlərinin yığıldığı evi 50 nəfərlə mühasirə etsin. Bunlardan beşi birləşib, biri ayrılsa, həmin adamı öldürsün. Üçü bir, üçü də bir olsa, Əbdürrəhmanın olduğu tərəf qəbul edilsin. Əbdürrəhman özünü və Sə`di bu işdən ayırdı. Sə`d ona dedi: «Osman sənə bey`ət etsə, üçüncü bey`ət edən mən olaram, ancaq Osmanı tə`yin etsən, Əlinin tərəfini saxlayacağam». Əbdürrəhman Əlidən soruşdu ki, Əbubəkrlə Ömərin yolunu tutacaq, ya yox. Əli cavab verdi: «Mən Allahın kitabı, Peyğəmbərin sünnəsi üzrə və öz ictihadımla hərəkət edəcəyəm». Eyni sualı üç dəfə Osmana verdi. Üçündə də müsbət cavab aldıqdan sonra Osmana bey`ət etdi.
(7) Osman, Əbdüş-Şəms oğlu Ümeyyə Əbil-Asın oğlu Əffanın oğludur. Yetmiş beş, yetmiş altı, başqa rəvayətə görə səksən, yaxud səksən səkkiz il yaşamış, hicrətin iyirmi dördüncü ilində xəlifəlik məqamına çatmış, on iki ildən on iki, yaxud səkkiz gün əskik müddətdə xəlifəlik etmiş, hicrətin otuz beşinci ili Zilhiccə ayının on səkkizində öldürülmüşdür. Həzrət Rəsulun (s) Rüqəyyə, sonra isə Ümmü Külsüm adlı qızlarını aldığı üçün Zün-Nureyn, yə`ni iki nur sahibi ləqəbiylə məşhur olmuşdur. Qövmün üçüncüsü dedikdə, Osman nəzərdə tutulur.
(8) Osmanın öldürülməsindən sonra xalqın ona bey`ət etmək üçün axışıb gəlməyi təsvir edilir.
(9) Bey`ətdən dönənlər Təlhə və Zübeyrə uyanlardır ki, bunlara bu mə`nada «Naqisin» deyilmişdir. Burada həm də «Fəth» surəsinin 10-cu ayəsinə işarə vardır. «Ox yaydan çıxan kimi fırıldayanlar»a «Marikun» demişlər. «İtaətdən çıxanlar» isə «Qasitun» adıyla yad edilmişlər. (Qur`ani-Məcid,Cinn, 14-15).
(10) İbni Əbbas demişdi: «Vallahi, bu sozün yarıda qalmasına təəssüfləndiyim kimi heç bir sözə təəssüflənməmişdim. Nolaydı, Əmir-əl-mö`minin bu sozü istədiyi kimi deyəydi.»