
EKSKLÜZİV! Ayətullah Xamenei: Qarabağ müsəlman torpağıdır. Onun uğrunda vuruşub həlak olan hər insan şəhiddir. Separatçı rejimlə istənilən əlaqə yolverilməz və qeyri-qanunidir...
Bakı, 7 may, SalamNews, İ. Məmmədova. SalamNews informasiya agentliyi İran İslam Respublikasının rəhbəri və dini lideri Ayətullah Xameneinin dini lider olaraq Qarabağ probleminə münasibəti və bu barədə fitvasını öyrənmək üçün onun Katibliyinə - baş ofisinə müraciət edib.
Tehranda “Azərbaycan” xiyabanında yerləşən katiblikdən SalamNews-un müxbirinə rəsmi olaraq Qarabağ problemi ilə bağlı Ayətullah Xameneinin mövqeyini və dini lider olaraq fitvasını açıqlayıblar.
“Ayətullah Xameneinin Dağlıq Qarabağa münasibəti əvvəlcədən açıq və konkret olub. Qarabağ – müsəlman torpağıdır, onun uğrunda vuruşaraq həlak olan hər bir insan şəhiddir. Separatçı rejimlə istənilən bir əlaqə yolverilməz ( haram) və qeyri-qanunidir. Hazırkı mövqe ilk növbədə Əli Xameneinin ayətullah olaraq fitvasıdır. Fitva şəriət göstərişi olduğundan bütün müsəlmanlar ona tabe olmalıdır. Bu münasibət onun həm də dövlət başçısı olaraq siyasi münasibətidir. Əgər separatçı rejimlə hər hansı rabitə müşahidə edilsə, qanuni şəkildə ölçü götürüləcək. Bu mövqe heç vaxt dəyişməyəcək”, -deyə İRİ rəhbəri və dini liderin Katibliyindən açıqlama veriblər.
Mənbə