Çoxlu Qur’an ayələrində iman əhlinin kafirlər və müxaliflər qarşısında təqiyyə etməsinə icazə verilmişdir. Nümunə olaraq, aşağıdakı ayələri qeyd edirik:
a) Ali-Fir’onun mö’min şəxsi barədə belə oxuyuruq:
وَقَالَ رَجُلٌ مُّؤْمِنٌ مِّنْ آلِ فِرْعَوْنَ یَکْتُمُ إِیمَانَهُ أَتَقْتُلُونَ رَجُلًا أَن یَقُولَ رَبِّیَ اللَّهُ وَقَدْ جَاءکُم بِالْبَیِّنَاتِ مِن رَّبِّکُمْ
“Ali-Fir’ondan olan imanlı və özünün (Musanın dininə olan) imanını gizlədən bir şəxs dedi: Siz «mənim pərvərdigarım Allahdır» deyən bir şəxsi qətlə yetirmək istəyirsinizmi, halbuki sizə aydın dəlil və mö’cüzələr gətirmişdir?!”[1]
Bu hadisənin davamında deyilir:
وَإِن یَکُ کَاذِبًا فَعَلَیْهِ کَذِبُهُ وَإِن یَکُ صَادِقًا یُصِبْکُم بَعْضُ الَّذِی یَعِدُکُمْ
“Onu boşlayın və onunla işiniz olmasın: (çünki) əgər yalan deyirsə, yalanı onun işinin üstünü açacaq; yox, əgər düz deyirsə, Allahın əzablarından bə’zilərinin – onun xatırlatdığı əzabaların sizə üz gətirməsi mümkündür.”
Beləliklə, Ali-Fir’onun mö’min şəxsi təqiyyə edib öz imanını gizlətməklə eyni zamanda, ilahi peyğəmbər olan Musanın qanını nahaq yerə axıtmaq qərarına gələn inadkar və təəssübkeş qrupa lazım olan nəsihətləri də verir.
б) Qur’anın aşkar göstərişlərindən birində deyilir:
لاَّ یَتَّخِذِ الْمُؤْمِنُونَ الْکَافِرِینَ أَوْلِیَاء مِن دُوْنِ الْمُؤْمِنِینَ وَمَن یَفْعَلْ ذَلِکَ فَلَیْسَ مِنَ اللّهِ فِی شَیْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً
«Mö’minlər kafirləri özlərinə dost seçməməlidirlər; hər kəs belə edərsə, Allahdan biganə və yaddır. Amma əgər onlardan təqiyə etmək istəsə, bu hal istisnadır.»[2]
Bu ayə haqq düşmənləri ilə dostluq etməyi ümumi şəkildə qadağan etmiş və yalnız o hallara icazə vermişdir ki, belə bir dostluğun tərk edilməsi müsəlmanın əzab-əziyyətə düşməsinə səbəb olsun və onlarla dostluqdan ibarət olan müdafiə sistemindən – təqiyyədən istifadə etsin.
v) Əmmar Yasir və onun ata-anasının əhvalatını bütün müfəssirlər nəql etmişlər. Belə ki, onların hər üçü ərəb müşriklərinin əlinə keçdilər və onları Peyğəmbərdən bizarlıq etməyə vadar etdilər. Əmmarın ata anası bu işdən imtina etdiyinə görə şəhid oldular, lakin Əmmar təqiyyə üzündən onların istəklərini qəbul etdi, sonra ağlar halda Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəldi. Bu zaman aşağıdakı ayə nazil oldu:
مَن کَفَرَ بِاللّهِ مِن بَعْدِ إیمَانِهِ إِلاَّ مَنْ أُکْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِیمَانِ
«O kəslər ki, iman gətirdikdən sonra kafir oldular, onlar üçün ağır əzab vardır; amma təzyiq altında qalaraq (məcburiyyətə düçar olaraq) bu işi görənlər istisnadır.»[3]
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əmmarın ata-anasını şəhidlərdən hesab etdi, sonra Əmmarın göz yaşlarını silib buyurdu: «Sənin üçün heç bir günah yoxdur. Əgər səni yenə də bu işə məcbur etsələr, sən də həmin kəlmələri təkrar et!»
Bütün islam müfəssirlərinin yuxarıdakı ayənin Əmmarın özü və ata-anasının barəsində nazil olduğunu deməsi və Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu hadisədən sonra buyurduğu sözləri qeyd etmələri göstərir ki, təqiyyə əql sahibi olan bütün insanların qəbul etdiyi bir məsələdir. Amma çox təəccüblüdür ki, bu möhkəm Qur’an sənədləri və əhli-sünnənin təfsir alimlərinin sözləri ilə belə, yenə də təqiyyəni şiələrə irad tuturlar!
Bəli, nə Əmmar münafiq idi, nə də Ali-Fir’onun mö’mini. Əksinə, onlar Allahın əmr və göstərişinə əsasən təqiyyə etmişdilər.
[1] «Ğafir» surəsi, 28.
[2] «Ali-İmran» surəsi, 28-ci ayə.
[3] «Nəhl» surəsi, ayə: 106.
Сообщение отредактировал Ebul Hesen: 22 апреля 2012 - 22:24