Əziz bacılar, qardaşlar, həmvətənlər!
Əziz azərbaycanlılar, müsəlmanlar!
Mən sizi bu bayram - böyük peyğəmbər həzrəti Məhəmməd Əleyhissəlamın mövlud günü münasibətilə təbrik edirəm. Sizin hamınıza cansağlığı, Azərbaycan xalqına, müsəlmanlarına, bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq və səadət arzulayıram.
Bu gün - bizim üçün əziz olan bu bayram günü Azərbaycan Respublikasının, məmləkətinin, xalqının həyatında tarixi hadisə baş verir. Biz bu gün XIII əsrdə - 700 il bundan əvvəl müqəddəsliyə çevrilmiş bir yerdə toplaşmışıq. Bu müqəddəs yer həzrəti İmam Museyi-Kazimin qızı, həzrəti İmam Rzanın bacısı həzrəti Hökumənin torpağa verildiyi, onun məzarı olan yerdir. Bu yer o vaxtdan indiyə qədər müsəlmanlar üçün müqəddəs yerə çevrilmişdir. Müsəlmanlar bu yeri əsrlər boyu ziyarət etmiş, burada özlərinə ümid, pənah axtarmışlar, dinimizə, Allaha, peyğəmbərə dua etmişlər, özlərini yaşatmışlar, islam dininə sadiq olduqlarını nümayiş etdirmişlər.
Biz fəxr edirik ki, islam aləmində islamı təmsil edən müqəddəs yerlərdən Azərbaycanda da vardır. Bu müqəddəs yerlərdən ən əzizi bu gün bizim toplaşdığımız yer - həzrəti Hökumənin qəbri, bu qəbrin üzərində vaxtilə ucaldılmış məscidin olduğu yerdir. Allaha, islama sadiq olan insanlar 700 il bundan öncə bu yerdə böyük məscid qurub-yaradıblar və bura Allah evi, islam məbədi kimi daha da geniş vüsət alıbdır, ziyarətgah olubdur. Müsəlmanlar, azərbaycanlılar 700 il həmin məsciddə, bu müqəddəs yerdə Allaha dua ediblər, mənəvi arzularını yerinə yetiriblər, öz dininə, əxlaqına, mənəviyyatına sadiq olduqlarını nümayiş etdiriblər. İslam dini insanlarda ən yüksək keyfiyyətləri tərbiyə etməyə, formalaşdırmağa çalışıbdır.
İslam dininin dəyərləri ən yüksək mahiyyətə malik olan mənəvi dəyərlərdir. Bu dəyərləri yaşatmaq, insanları bu uca, ülvi, yüksək mənəvi dəyərlər səviyyəsində tərbiyə etmək Allahın buyruğudur, Məhəmməd peyğəmbərin qoyduğu yoldur. Mən böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç bir hakimiyyət, hökmdar bunların məhv edilməsinə nail ola bilməmişdir.
Burada, bu müqəddəs yerdə vaxtilə ucaldılmış məscid 60 il bundan öncə vəhşicəsinə partladılmışdır, dağıdılmışdır. Bizim mənəviyyatımıza, mənəvi dəyərlərimizə, islam dininə böyük zərbə vurulmuşdur. Xalqımız, millətimiz bu zərbəni almış, yaralanmış, əzilmiş, ancaq məhv, məğlub olmamış, bu zərbələrə, yaralara, əziyyətlərə dözməyə məcbur olmuşdur. Lakin bütün bunlara dözərək, bu müqəddəs yerə olan sevgisini, məhəbbətini, inamını qəlbində yaşatmış və bu müqəddəs yerdən heç vaxt ayrılmamışdır. Təsadüfi deyildir ki, bu məscid dağılandan sonra da və burada həzrəti Hökumənin qəbri bərbad olunandan sonra da insanlar bu yeri özləri üçün daimi nicat, ümid yeri etmişlər. Bu yer bir ziyarətgah kimi öz mənasını heç vaxt itirməmişdir. İnsanlar buraya daim ziyarətə gəlmişlər, burada öz arzularını yerinə yetirmişlər, yaşamaq, yaratmaq üçün bu müqəddəs yerdən dayaq, mənəvi güc, dəstək almışlar.
Bunlar hamısı Azərbaycan xalqının tarixidir. Bizim böyük və qədim tariximizin şanlı, şöhrətli, uğurlu səhifələri ilə yanaşı, faciəvi səhifələri də vardır. Bunlar hamısı bizimdir. Biz uğurlarımızla, qələbələrimizlə, xalqımızın tarix boyu nailiyyətləri ilə fəxr etmişik. Bunlar xalqımızı yaşadıb, irəliyə aparıb, inkişaf etdirib. Ancaq biz tariximizin əziyyətli, əzablı, faciəvi səhifələrinə, mərhələlərinə isə dözmüşük. Bizim qeyrətli, namuslu ata-babalarımız, əcdadlarımız bütün bunlara dözüblər, ancaq sınmayıblar, sarsılmayıblar, iradələrini itirməyiblər, ümidlə yaşayıblar. Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, gəlib bu günlərə çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük mənəvi sərvətidir.
Biz bu müqəddəs yerdə abadlıq işləri aparılmasına və vaxtilə dağıdılmış məscidin bərpa edilməsinə bir neçə il bundan öncə başlamışıq. Xalqımız bu məscidin bərpa edilməsini daim istəyibdir. Xüsusən sovet hakimiyyəti dağılandan, Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən, dinimizə - islam dininə azadlıq veriləndən sonra insanlarda bu istək, arzu daha da artmışdır. Bu gün bizim üçün böyük tarixi hadisə, böyük xoşbəxtlikdir ki, bu arzularımızı artıq yerinə yetirə bilmişik. Burada, bu müqəddəs yerdə gözəl, bu müqəddəs yerə, islamiyyətə, millətimizə, xalqımıza layiq bir məscid tikib yarada bilmişik. Bu, tarixi hadisədir. Bu bayram günü biz buraya bu məscidin yenidən doğulması, dünyaya gəlməsi münasibətilə toplaşmışıq. Bu, Azərbaycan müsəlmanları, güman edirəm, bütün islam aləmi üçün ikiqat bayramdır. Məhəmməd peyğəmbərin mövlud günü həzrəti Hökumənin, həzrəti imamlarımızın övladlarının, qohumlarının qəbirləri üzərində əzəmətli bir məscidin açılması ikinci bir bayramdır.
Əziz bacılar və qardaşlar, mən bu tarixi hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını, islam aləmini təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu məscid bundan sonra daha da genişlənəcək, böyüyəcək və xalqımıza, islamiyyətə əbədi, sonsuz olaraq öz xidmətini göstərəcəkdir.
Mən bu məscidə, binaya baxarkən həddindən artıq sevinirəm. Azərbaycanda böyük memarlıq abidələri vardır. Bu abidələri xalqına, millətinə əsrlər boyu xidmət edən insanlar yaradıblar. Azərbaycanda - Bakıda və respublikamızın başqa şəhərlərində, yaşayış məntəqələrində son onilliklərdə böyük və gözəl memarlıq abidələri yaradılmışdır. Bu məscid öz xüsusi mənası və məqsədi ilə bərabər, xalqımızın böyük, dəyərli və gözəl memarlıq abidəsidir. Beləliklə, bu məscid Azərbaycanın mədəniyyət, memarlıq tarixini zənginləşdirən bir abidədir. Bunun mənası həqiqətən çox yüksəkdir. O, həm ibadətgahdır, həm müqəddəs yerdir, həm ziyarətgah, həm də gözəl memarlıq abidəsidir. Ümid edirəm ki, gələcək nəsillər bizim bu tarixi, xeyirxah işimizi layiqincə qiymətləndirəcək, bu məscidi, ziyarətgahı əbədi yaşadacaq və bu müqəddəs yerin başına keçmişdə gəlmiş bəlalara bir daha yol verməyəcəklər.
Mən eyni zamanda, bu məscidin tikilməsini Azərbaycan xalqının, müsəlmanlarının və islam dininə hörmət edən, sadiq olan insanların ümumxalq işi kimi qiymətləndirirəm. Məhz ümumxalq işi nəticəsində biz bu gün bu gözəl ibadətgahın, abidənin önünə toplaşmışıq. Ona görə də bu işdə az da, çox da zəhmət göstərənlərin hər biri hörmətə layiqdir.
Mən hamıya təşəkkür edirəm. Xüsusən, Bakı Şəhər İcra Hakimiyyəti və icra hakimiyyətinin başçısı Rafael Allahverdiyev burada çox işlər görübdür. Mən onların gördüyü işləri xüsusi qiymətləndirirəm, onlara təşəkkür edirəm. Burada çalışan və bu müqəddəs yerə daim bağlı olan, həqiqətən vətənpərvərlik, öz millətinə sədaqət nümayiş etdirən Hacı Hikmətin xidmətlərini xüsusi qiymətləndirirəm. Mən hər dəfə buraya gələndə Hacı Hikməti nəinki görmüşəm, onun bu yerə nə qədər bağlı olduğunun, xidmət göstərdiyinin şahidi olmuşam. Ona görə də hörmətli Hacı Hikmətə və burada onunla bərabər fəaliyyət göstərən din xadimlərinin hamısına hörmət, ehtiramımı və təşəkkürümü bildirirəm.
Görülən bu işlər Azərbaycanda islam dininin bugünkü vəziyyətini nümayiş etdirir. Bugünkü vəziyyət də odur ki, ölkəmizdə, cəmiyyətimizdə islam dini özünəməxsus yer tutubdur, mənəvi dəyərlərimizin daşıyıcısı və mənəvi qida mənbəyi kimi xalqımıza xidmət edibdir. Hesab edirəm ki, bu, xalqımızın son illərdə ən gözəl nailiyyətlərindən biridir.
Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Azərbaycanın prezidenti kimi mən, bu fürsətdən istifadə edərək, respublikamızda islam dininin bütün tələblərinin yerinə yetirilməsi və insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, Azərbaycanda xalqın, millətin birliyinin, həmrəyliyinin möhkəmlənməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm, ona və onun ətrafında olan bütün din xadimlərinin hamısına təşəkkür edirəm. Əziz qardaşlar, gələcək işlərinizdə sizə uğurlar arzulayıram.
Bu müqəddəs yeri, ziyarətgahı abadlaşdıran, bu məscidin inşasında iştirak edən hər bir kəs öz millətinə, xalqına, dininə böyük xidmət göstərmişdir. Ona görə mən memarlara, inşaatçılara, fəhlələrə, hətta burada kərpic üstünə bir kərpic qoyan hər bir kəsə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.
Bu gün gördüyünüz məscid, bu böyük abidə bizi sevindirir. Ancaq hesab edirəm ki, bu, işin birinci mərhələsidir. Bu tikinti layihə üzrə tamamilə başa çatmalıdır. Bu gün bəyan edirəm ki, bu məscid kompleksinin layihə üzrə tam sona çatmasını mən öz himayəmə götürürəm və onun həyata keçirilməsi üçün bütün imkanları yaradacağam, lazım olan yardımları edəcəyəm.
Bu müqəddəs yerin ətrafı da ona layiq olmalıdır. Ona görə mən hesab edirəm ki, bu məscidin ətrafında abadlıq işləri aparılmalıdır. Ola bilər, bu abadlıq işləri ətrafdakı bəzi binaların yerinin dəyişdirilməsi ilə əlaqədar olsun. Hesab edirəm ki, biz bu müqəddəs yeri gərək hər cəhətdən layiqli edək. Çünki artıq bu məscid tikiləndən, onun içərisində həzrəti Hökumənin və imam övladlarının qəbirlərinin yeri xüsusi müəyyən ediləndən sonra bu müqəddəs yer təkcə Azərbaycan müsəlmanları üçün yox, bütün dünya müsəlmanları üçün böyük bir ziyarətgaha çevriləcəkdir. Buraya ziyarətə gələnlərin sayı ilbəil artacaqdır. Ona görə də, hesab edirəm ki, bu məscidin ətrafında böyük bir kompleks yaradılmalıdır. Din xadimlərimiz əgər mənim bu fikirlərimlə razılaşsalar, belə bir layihənin mənə təqdim olunmasını arzu edərdim. Mən belə bir layihənin həyata keçiriləcəyinə söz verirəm.
Biz islam aləminin bir hissəsiyik. İslam dünyasında islam tarixinə məxsus olan müqəddəs yerlər, ziyarətgahlar vardır. Biz fəxr etməliyik ki, bu müqəddəs yerlərdən, ziyarətgahlardan Azərbaycanda da vardır. Onların ən hörmətlisi və ən qiymətlisi bu gün bizim toplaşdığımız yerdir. Ona görə də islam aləminin müqəddəs ziyarətgahı kimi bu yer dünyada tanınmalıdır, təbliğ olunmalıdır ki, islam tarixi bu yerin bu gününün və keçmişinin izahı ilə daha da dolğunlaşsın. Bir də ona görə ki, islam tarixinin hər bir müqəddəs yeri ümumi tarix kitablarında öz yerini tapsın. Bu işi də görmək lazımdır. Hesab edirəm ki, bunların hamısını etmək üçün mənim irəliyə sürdüyüm təkliflər çox lazımdır. Siz bununla razısınızmı?
(Yerdən səslər: bəli, razıyıq).
Əziz bacılar, qardaşlar, dostlar!
Bizim həyatımızda xoşbəxt günlər o qədər də çox deyildir. Həyatımız ağırdır, çətindir. Ancaq bu gün Allaha şükür etməliyik ki, biz xoşbəxt dəqiqələr yaşayırıq, bayram günündə bir yerə toplaşmışıq, öz peyğəmbərimizin mövlud gününü bir yerdə bayram edirik və bunu gözəl bir hadisə ilə bərabər qeyd edirik. Bu, böyük xoşbəxtlikdir.
Mən bu xoşbəxt gün, bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına, doğma millətimizə öz sevgimi, məhəbbətimi bildirirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı bizim milli mənəvi ənənələrimizin yaşaması üçün ən əsas zəmanətdir. Əmin ola bilərsiniz ki, Azərbaycanın dövlət müstəqilliyi indi etibarilə əllərdədir. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqının milli azadlığının, dövlət müstəqilliyinin gündən-günə möhkəmlənməsi üçün mən və bütün Azərbaycan dövləti əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Beləliklə, biz xalqımızı yaşadacağıq, millətimizi bir millət kimi yaşadacağıq, Azərbaycan xalqının dünya xalqları içərisindəki layiqli yerini möhkəmləndirəcəyik. Dünya xalqlarını həm ölkəmizdə, həm də dünyada Azərbaycanın milli, mənəvi, dini dəyərlərinə hörmət etməyə çağıracağıq və buna nail olacağıq. Bunların hamısı üçün bizim xalqımızda milli birlik, həmrəylik lazımdır. Bu, bu gün vardır və əminəm ki, bu birlik, həmrəylik günü-gündən artacaqdır. Mən sizi əmin edirəm ki, Azərbaycanın milli azadlığı, dövlət müstəqilliyi günü-gündən möhkəmlənəcək, sarsılmaz, əbədi, sonsuz olacaqdır.
Mən sizin hamınıza cansağlığı arzu edirəm. Hər birinizə ailə xoşbəxtliyi arzulayıram. Xalqımıza, millətimizə xoşbəxt gələcək, sülh, əmin-amanlıq arzu edirəm. Sağ olun.
"Azərbaycan" qəzeti, 14 iyul 1998-ci il
Сообщение отредактировал al-Fath: 03 марта 2010 - 09:26