1) İmam Hüseyn (ə) «Səqəleyn» hədisində
Bütün şiə və sünni aləminin mötəbər hədis mənbələrində zikr olmuş rəvayətə görə, Həzrət Peyğəmbər (s) buyurmuşdur:
«Mən yaxın zamanda Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm, (dünyamı dəyişəcəyəm) lakin bununla belə iki qiymətli şeyi sizə əmanət qoyuram. Onlardan biri Allahın kitabı (Quran), digəri isə mənim itrətimdir. Allahın kitabı onun yer üzərinə endirdiyi kəndirdir. (Yəni, hər kəs Qurana əməl etsə, elə bil ki, kəndirdən tutub Tanrıya yaxınlaşır.) Mənim itrətim isə, mənim Əhli-beytimdir (ə). Mehriban Allah, bu iki qiymətli şeyin cənnət hovuzunda mənə qovuşana qədər ayrılmayacaqlarını, xəbər vermişdir. Məndən sonra bu iki şeylə necə rəftar edəcəyinizə diqqətli olun!»
Termizi, Cabir ibn Əbdullahdan nəql edir:
«Ərəfə günü Həcc əməllərini yerinə yetirərkən Rəsuləllahı (s) dəvənin üstündə xütbə oxuyan halda gördüm. O buyururdu: Ey camaat, mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyuram ki, əgər onlardan möhkəm yapışsanız heç vaxt yolunuzu azmayacaqsınız. Bu iki şeydən biri Allahın kitabı, digəri isə Əhli-beytimdir.»
Bu hədisə əsasən əziz Peyğəmbərimizin (s) özündən sonra qoyub getdiyi əsas əmanətlər, Qurani-kərim və Əhli-beyti (ə) olmuşdur. Bu iki qiymətli varlıq heç bir zaman bir-birlərindən ayrılmazlar. Deməli, hər bir yerdə ki, Qurani-kərim var, orada Əhli- beytin (ə) hədisi, şərhi və təfsiri olmalıdır. Lakin təəssüflər olsun ki, İslam ümməti müqəddəs Peyğəmbərimizin (s) əmanət qoyub getdiyi Əhli-beyti (ə) ilə çox pis rəftar etdilər. Və bu ümmətin Əhli-beytə (ə) qarşı olan ən çirkin rəftarı isə, Kərbəla çölündə əziz Peyğəmbərimizin (s) sevdiyi İmam Hüseyni (ə) və onun yaxınlarını şəhadətə yetirərkən baş verdi.
2-İmam Hüseyn (ə), «Səfinə» hədisində
Şafeyi nəql edir: «Bir gün Əbuzər Qəffari Kəbə evinin astanasına çıxıb, qapısının halqasından tutaraq fəryad çəkdi: Ay camaat! Məni tanıyan tanıyıb, tanımayanlar da bilsinlər ki, mən Əbuzərəm! Özüm Peyğəmbərdən (s) eşitdim ki, buyururdu: «Mənim Əhli-beytim Nuhun gəmisinə bənzər (hər kim o gəmiyə mindi nicat tapdı, gəmiyə minməyənlər isə suda qərq oldular) ki, kim Əhli-beytimdən uzaqlaşsa cəhənnəm oduna düşər.
Yenə də o Həzrətdən (s) eşitdim buyururdu: Mənim Əhli-beytim bir bədəndə baş və yaxud bir başda göz kimidir. Şübhəsiz ki, bədən başsız və baş da gözsüz öz qüdrətini itirir.»
Həmçinin bir şox şiə və sünni mənbələrində «Səfinə» hədisi müqəddəs Peyğəmbərimizdən (s) belə zikr olunmuşdur: «Mənim Əhli-beytim sizin aranızda Huhun gəmisi kimidir. Hər kim o gəmiyə minsə nicat tapar və hər kim o gəmidən uzaq düşərsə qərq olar.»
Gördüyünüz kimi bu hədisə əsasən Əhli-beyt (ə) Müsəlmanların qurtuluş gəmisidir. Bu gəmi insanları haqq və mənəviyyət şəhərinə aparır. Hər kim bu gəmiyə minməyə müvəffəq olsa, səadət və xoşbəxtliyə şatacaq. Gəmiyə minməyənlər isə, günah və şübhələrdə qərq olacaqlar.
3) Allahın əmri ilə əziz Peyğəmbərimiz (s) onun adını Hüseyn (ə) qoydu
Əsma binti Umeysdən rəvayət olunur ki; «Hüseyn (ə) dünyaya gəldikdə, Həzrət Muhəmməd (s) mənim evimə gəldi. Mən körpəni onun qucağına verdim. Elə oradaca Həzrət Cəbrayıl Peyğəmbərə (s) nazil olaraq, «Allahın əmri ilə körpənin adını «Hüseyn» qoy»-dedi. Bunu bizə Allahın Rəsulu (s) xəbər verdi.»
4) Allahın sevimli elçisi Muhəmməd (s) körpə Hüseynin (ə) qulağına azan oxudu.
Əbu Rafe deyir: «Yenicə dünyaya gələn Hüseynin qulağına Həzrət Muhəmmədin (s) azan və iqamə oxuduğunu gördüm.»
5) Peyğəmbər (s) çox sevdiyi Hüseynin (ə) ağlamağına narahat olurdu.
Yəzid ibn Əbu Ziyad belə söyləyir: «Ayişənin evindən çıxıb məscidə sarı gedən Peyğəmbər (s) yolda Fatimeyi Zəhranın (s) evinin yanından keçərkən balaca Hüseynin (ə) ağlamaq səsini eşitdikdə, qızına buyurdu: "Qızım, Hüseynin ağlayanda mən narahat oluram.»
6) Peyğəmbərlə (s) Hüseynin (ə) bağlılığı
Yəla ibn Mürrə deyir: «Allahın Rəsulu (s) buyurdu: «Hüseyn (ə) məndən və mən də Hüseyndənəm.»
7) Peyğəmbərin (s) sevimli gülü
Buxari İbn Əbu Nəimdən belə rəvayət edir: «İbn Ömər, Əbu Nəimdən soruşdu: «Allahın qətli (döyüşü) haram buyurduğu Muhərrəm ayında milçək öldürmək olarmı?»
İbn Əbu Nəim əsəbləşərək dedi: «İraq əhli milçək öldürməyin şəri-hökmü barəsində maraqlanırlar. Bir halda ki, bu ayda Peyğəmbərin (s) sevimli övladını şəhid etdilər. Məgər Allahın peyğəmbəri buyurmamışdır ki, Həsən (ə) və Hüseyn (ə) mənim dünyadakı sevimli güllərimdir.»
8) Peyğəmbərin (s) Hüseynə (ə) olan ehtiramı
Ənəs İbn Malik belə söyləyir: «Bəzən Peyğəmbərimiz (s) namazda səcdə halında ikən körpə Həsən (ə) və Hüseyn (ə) onun boynuna minirdi. Allahın elçisi (s) onları incitməmək üçün səcdəsini uzadırdı. Həzrət Peyğəmbərdən (s) bunun səbəbini soruşduqda, o, buyurdu: «Bu iki övladım mənim boynuma minmişdilər və istəmədim ki, tez yerə düşsünlər. Onları narahat etmək istəmədim.»
9) Peyğəmbər (s) daim Hüseyni (ə) öpüb, əzizləyərdi
«Allahın Rəsulu (s) həmişə sevimli nəvəsi Hüseyni (ə) dodaqlarından və sinəsindən öpüb, oxşayırdı.»
10) Həzrət Muhəmmədə (s) ən çox bənzəyən şəxs Hüseyndir (ə)
Çoxsaylı əhli-sünnə və şiə hədislərinə istinadla söyləmək olar ki, əziz Peyğəmbərimizə (s) ən çox oxşayan şəxs İmam Hüseyndir (ə).
11) Həzrət Hüseyn (ə) İmam və İmamların (ə) atasıdır
Salman Farsi və digər ravilərin nəql etdiyinə görə Əbuzər, Ömər, Fəzl ibn Əbbas, Zeyd ibn Haris və Əbdullah ibn Məsudunun da olduğu bir məclisdə İslam peyğəmbəri (s) üzünü Hüseynə (ə) tutub buyurdu: «Sən İmamsan və İmamın oğlusan. Sən digər İmamların atasısan. Sənin nəslindən doqquz İmam olacaqdır... Onların sonuncusu Məhdidir (ə.f)»
12) İmam Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir
Muhəmməd peyğəmbər (s) buyurur: «Həqiqətən də, Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir. Hüseyn (ə) xeyirxahlıq və iftixar İmamı, izzət rəhbəridir.»
13) İmam Hüseynin (ə) düşməni bədbəxt, dostu isə xoşbəxtdir
Şiə və əhli-sünnə alimilərinin təsdiq etdiyi çoxlu hədislərə əsasən Allahın Rəsulu Həzrət Muhəmməd (s) buyurub: «Həsən (ə) və Hüseyn (ə) mənim iki övladımdır. Hər kəs onları sevsə Allah-təalanı sevmişdir. Allahı sevən şəxsi isə, O, behiştə daxil edər.
Hüseyn (ə) ilə düşmənçilik edən şəxs, mənimlə düşmən olmuşdur. Mənimlə düşmən olan kəs də, Allah-təala ilə düşmənçilik etmişdir. Uca Allaha düşmən olan şəxsi də, O, özü cəhənnəmə daxil edəcəkdir.»
Zeyd ibn Ərqəm və digər səhabələr belə rəvayət edirlər: «Sevimli Peyğəmbərimiz Muhəmməd (s) üzünü Həzrət Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynə (ə) tutub buyurdu: «Sizinlə müharibə və mübarizə edən hər kəsin əleyhinə mən də müharibə və mübarizə apararam. Və hər kim sizinlə sülh və dostluq etsə, mən də onunla sülh və dostluq etmiş olaram. Pak, xoşbəxt və səadət sahibləri sizi sevər. Bəd zat, qərəzli və bədbəxt insanlar isə sizinlə düşmən olar.»
14) İmam Hüseyn (ə) behişt cavanlarının sərvəridir
Hər iki məzhəb arasında İmam Hüseyn (ə) haqqında deyilmiş ən mötəbər və nüfuzlu hədislərdən biri də, İslam peyğəmbərinin (s) buyurduğu bu hədisdir: «Həzrət Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının sərvəridir.»
15) Həzrət Hüseyn (ə) behişt cavanlarının və ərşin zinətidir
Əqəbət ibn Amir rəvayət edir ki: «Peyğəmbər (s) Hüseyni (ə) behiştin və ərşin zinəti adlandırdı.»
16) İmam Hüseyn (ə) qiyamət günü Peyğəmbərlə (s) birlikdədir
Allahın Elçisi (s) buyurur: «Ya Əli (ə), mən, sən, Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) qiyamət günü İlahi ərşdə birgə olacağıq.»
17) İmam Hüseyn (ə) Peyğəmbərlə (s) birlikdə hamıdan əvvəl behiştə daxil olacaqdır
Allahın sevimli Rəsulu Muhəmməd (s) buyurur: «Behiştə mənimlə birgə ilk daxil olan şəxslər Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyndir (ə).»
18) Həzrət Hüseynin (ə) dostları şəfaət olunacaq
Peyğəmbər (s) buyurub: «Məni, Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) sevən insanlar qiyamət günü mənimlədir, şəfaət olunacaqdır. Onların düşmənləri isə əsla şəfaət olunmayacaqdır.»