Отправлено 01 июля 2012 - 10:44
İraqın şiə alimlərindən olan Əhməd əl-Katib yeni şiə bəyannaməsi adlı məqalə qələmə alıb.
Uzun illər bəzi ifrat görüşlərin təsirində qalan əl-Katib 1979-cu il İran inqilabından əvvəl Kərbəlada Seyyid Məhəmməd Həsən əş-Şirazinin davamçılarından idi.
İnqilabdan sonra təcrübəsini İraqda paylaşmaq üçün ölkəsinə qayıdan alim burada imamət və hakimiyyət məsələlərini araşdırmaqla yanaşı, İran inqilabının mənəvi lideri Xomeyninin “vəlayəti-fəqih” nəzəriyyəsini hərtərəfli tədqiq etmişdir. Sözügedən nəzəriyyəyə görə, Xomeyni bir fəqih kimi şiələrin min ildən çoxdur ki, gözlədikləri “qeybə çəkilmiş imam”ın vəkilidir. Bu nəzəriyyədə “fəqih”, yəni dövlət başçısı “qeybdə olan imam”ın vəkili olduğu üçün xalqın, parlamentin və prezidentdən belə üstün mövqe sayılır.
İraqlı alim şiəliyin “imamət” nəzəriyyəsini araşdırdıqdan sonra “gözlənilən mehdi”, “12 imam” və digər inancların heç bir əsasının olmadığı qənaətinə gəldi. Bu, əl-Katibin düşüncə dünyasında təlatümə səbəb olmuşdur. Düşüncələrini paylaşdığı insanlar ona bu kimi mövzularda “dərinə getməməyi” tövsiyə edir. Ancaq düşüncələrində təkid edəcəyi təqdirdə “mürtəd”, “kafir, və digər adlarla damğalanmaq təhlükəsinə rəğmən əl-Katib bildiklərini söyləməkdən çəkinmir.
“Yeni şiə bəyannaməsi” adlı məqaləsində alim Allahın bir, Məhəmmədin (Ona Allahın salamı və xeyir-duası olsun!) Allahın elçisi olduğunu, eləcə də axirət gününə, mələklərə, kitablara və göndərilmiş bütün peyğəmbərlərə iman gətirdiklərini qeyd etdikdən sonra aşağıdakılar bəyan edir:
1. Qurani-Kərim hər cür təhrif və nöqsandan uzaqdır. Bu kitab peyğəmbərə nazil olduğu kimi dövrümüzə gəlib çatmışdır. Bəzi qədim yazılarda bunun əksini iddia xarakterli “hədislər” ifratçılar (qulat) tərəfindən Əhli-Beytin mirasına soxuşdurulmuşdur.
2. Allahın rəsulunun pak səhabələri – mühacirdən, ənsardan və Əhli-beytindən olanlar əməlisaleh insanlardır və biz onlardan razılığımızı bəyan edirik. Bununla belə onların məsum olmadıqları qənaətindəyik. Onlar haqqında nalayiq danışmağı, təhqiri, xüsusilə möminlərin anası Həzrəti Aişə barəsində yanlış hər hansı söz söyləmənin haram olduğunu bildiririk. İfk hadisəsinə gəlincə, Allahın bu məsələdə onu təmizə çıxarmasından dolayı möminlərin anasının bəraət qazandığına iman gətiririk.
3. İnanırıq ki, İslam siyasi, iqtisadi və ictimai həyatın sağlam əxlaq əsasları üzərində qurulduğu bir dindir. Ancaq burada müəyyən siyasi nizam təyin edilməyərək, şura (məşvərət” tövsiyə edilmişdir. Buna görə, Peyğəmbər (Ona Allahın salamı və xeyir-duası olsun!) özündən sonra heç kimi xəlifə təyin etməmişdir. Səhabələr ictihada baş vuraraq, sırası ilə Həzrəti Əbu Bəkiri, Həzrəti Öməri, Həzrəti Osmanı və Həzrəti Əlini və Həzrəti Həsəni – beş raşid xəlifəni seçmişlər. Allah onların hamısından razı qalsın.
4. İmamətin peyğəmbərliyə ilhaq edilmiş cüz` (hissə) və ya onun davamı olduğunu qəbul etmirik. Habelə imamətin üsuliddinin əsaslarından olmadığını düşünürük. Çünki Qurani-Kərimdə bu məsələdən bəhs edilmir. Ancaq imamət siyasi fiqh baxımından fər`i məsələdir.
5. İmamlar (dövlət başçıları) peyğəmbərlər kimi məsul deyillər, onlara Allah tərəfindən vəhy nazil olmur, əmr və göstərişləri Allahın rəsulunun əmr və göstərişləri kimi qəbul edilmir. İslam ümmətinin Allah tərəfindən təyin edilmiş bir rəhbərə daim ehtiyacı olduğuna və ya yer üzünün höccətsiz qalmasının qeyri-mümkünlüyünə, əks təqdirdə Allahın qəzəblənəcəyinə də inanmırıq.
6. İnanırıq ki, Əhli-beyt siyasi idarəçilikdə şura sistemini mənimsəmişdir. Habelə inanırıq ki, Əhli-beyt “ilahi imamət” nəzəriyyəsini mənimsəməmiş, özlərinin məsum olduqlarını iddia etməmiş və qeyb elminə vafiq olmamışlar. Onlar alimlər və hədis rəvayətçiləri idilər. Habelə onlar Allah tərəfindən təyin olunmamışlar, qeybdən xəbərdar deyildilər.
7. Həzrəti Əlinin fəzilətləri inkaredilməzdir. Ancaq onun xilafətinə dair Peyğəmbərdən gətirildiyi iddia edilən rəvayətlər sonradan ortaya çıxmışdır.
8. İmam Əli özündən sonra xilafətə yeni rəhbər təyini məsələsində Peyğəmbər kimi davranaraq, məsələnin həllini şuraya həvalə etdi. Başqa sözlə o, oğlu Həsəni vəliəhd təyin etməyib. İmam Hüseynin övladları da özlərindən sonra heç kim barəsində vəsiyyət etməmiş, heç kimi hər hansı mövqeyə təyin etməmişlər.
9. İnanırıq ki, imam Həsən əl-Əskəri hicrətin 260-cı ilində övladı olmadan, özündən sonra imamətə heç kimi vəsiyyət etmədən, iddia edildiyi kimi yanında gizlənmiş hər hansı bir övladının varlığına işar etmədən haqqın dərgahına qovuşmuşdur.
10. Bu səbəbdən adı Məhəmməd ibn Həsən əl-Əskəri olan və bu gün 1150 yaşı olan “12-ci imam”ın həqiqətən mövcudluğuna iman gətirmirik. Belə ki, bu, barəsində heç bir şər`i və ya tarixi dəlil olmayan iddiadır. Sözügedən məsələ ilə bağlı iddialar İmamiyyə məzhəbindən olan bir qrupun əsassız sözləridir.
11. “İmam Mehdi”nin gələcəkdə zühur edəcəyinə dair qəti dəlil mövcud deyildir. Bununla əlaqədar olaraq, doğulmadığı üçün qeybə çəkilməsi də mümkün olmayan, “Qaib İmam Mehdi”nin xüsusi naiblərinin (dörd səfir) və ümumi naiblərinin (fəqih) mövcudluğuna inanmırıq. Bu səpkili iddialar fərziyyələrdən başqa bir şey olmayıb bəzi insanların üzləşdikləri rəhbər yoxluğu problemindən dolayı bəzi problemləri həll etmək üçün göstərdiyi cəhdlərdir.
12. İnanırıq ki, xristian kilsələrindəki sistemə bənzər “mərce” müəssisəsi İslamda mövcud deyildir; əksinə, zərurət yarandığı halda alimlərə müraciət edilir. Bunun üçün insanın həyatı boyu hər bir məsələdə fəqihi təqlid etməsinin və onunla məhdudlaşmasının vacibliyinə inanmırıq. İnanırıq ki, bu cür təqlid haramdır, bidətdir; belə ki, Allah bu barədə heç bir dəlil nazil etməyib. Bütün insanları düşünməyə, tədqiq etməyə və ictihada dəvət edirik.
13. Düşünürük ki, alimlər heç də həmişə doğru fitvalar verə bilməzlər. Bu səbəbdən onların fitvalarının tədqiqi və tənqidi zəruridir. Bəzən onlar Allahın haram qıldığını halal, haram buyurduğunu da halal edə bilirlər (xümsün fərz olması, cümə namazının fərzi-eyn olmaması kimi fitvalar).
14. İctihad qapısını açan, şiələri mötədilliyə çağıran, əxbarilərin bir çox xurafat və uydurmalarını inkar edən “Üsuli-Mədrəsə”ni təqdir edirik. Alimlərdən tələb edirik ki, “Təkvini vəlayət” nəzəriyyəsi pərdəsi altında Əhli-beytdən olan imamlara rübubiyyət sifəti isnad edən, onlar haqqında ifrata varan, onlara uca məqamlar və fövqəlbəşər rollar verən, Allahın işlərindən – kainatın və məxluqatın idarəsi, ruzi verilməsi və digər məsələlərdə “vəzifə sahibi” olduqlarını iddia edən radikallara qarşı mübarizə aparsınlar.
15. Şiə alimlərinin əsərlərini təqdiq edən, xüsusilə Küleyninin “əl-Kafi” əsərinin beşdə dördünün zəifliyini dəlillərlə sübut edən alimlərin səylərini alqışlayırıq. Belə ki, bu araşdırmalar bizi sözügedən əsərdəki hədislərin 99%-dən şübhələnməyə sövq edir. Bu əsərin etimadlılığına inanmaq müsəlmanlar arasındakı ixtilafların davam etməsinin səbəblərindəndir.
16. “Qeybdəki İmam Mehdi”nin naibliyi fərziyyəsinə söykənən “Vəlayəti-fəqih” nəzəriyyəsinə də inanmırıq. Bu nəzəriyyə fəqihə mütləq səlahiyyətlər verməklə, onu ümmətin və şəriətin fövqündə saxlamaqda, fəqihin konstitusiyanı pozmasına, belə demək mümkündürsə, icazə verməkdədir.
17. Bununla belə “Vəlayəti-fəqih” nəzəriyyəsini “İlahi imamət” nəzəriyyəsindən xilas olma və şuranın (məşvərət) şəriətə uyğunluğuna iman nöqteyi-nəzərindən müsbət hadisə kimi qəbul edirik. Ancaq inanırıq ki, “Vəlayəti-fəqih” nəzəriyyəsi sonradan ortaya çıxmışdır, haqqında heç bir şər`i dəlil mövcud deyildir. Çünki bu nəzəriyyə fəqihi (hakim şəxsi) müqəddəsləşdirir, onu tənqid etməni qeyri-mümkün qılır və bu fəqihdən diktator ortaya çıxarır.
18. İslamın digər məzhəblərinin ictihadlarına hörmətlə yanaşmalı olduğumuza inanırıq. Habelə şiələrin və sünnilərin bütün hədis mənbələrinə ehtiramla yanaşırıq. Ancaq mənbəyi Peyğəmbərə isnad edilən bütün zəif hədisləri xüsusilə Quran işığında elmi yollarla araşdırmağa çağırırıq.
19. Sünnilərə və şiələrə məxsus elm ocaqlarını birgə proqramlar, tədbirlər təşkil etməyə, birləşməyə çağırırıq.
20. Məzhəb zəminində parçalanmağın qəti əleyhinəyik.
21. Mübahisələrə, islamın rəmzlərinə - səhabələr, Əhli-beyt və məzhəb imamları haqda nalayiq sözlər işlədilməsinə birdəfəlik son qoyulmasını tələb edirik.
22. 1743-cü ildə keçirilən və fars, türk, ərəb və əfqan alimlərinin iştirak etdiyi Nəcəfül-Əşrəf Konqresini salamlayırıq. Bu toplantıda səhabələrə söymənin yolverilməzliyinə dair bəyannamə qəbul edilmişdi. Habelə sözügedən toplantıda iki müsəlman məzhəbi arasında qan axıdılmasının haram olduğuna dair fitva verilmişdi.
23. İnanırıq ki, səhabələrin və digər tanınmış müsəlman şəxsiyyətlərin söyülməsi və barələrində nalayiq ifadələrin işlədilməsi müsəlmanları zəiflədəcək ən böyük fitnədir. Bu səbəbdən bu xəstəlikdən birdəfəlik xilas olmalıyıq.
24. Keçmişdə baş verən tarixi hadisələri ibrət almaq istisna olmaqla çox “qurdalamamaq” lazımdır.
25. “İlahi imamət” nəzəriyyəsini və bu nəzəriyyəyə dair Allah tərəfindən hər hansı mətn–dəlil olduğunu qəbul etmirik.
26. İnanırıq ki, zəkat fərzdir. Xüms isə hərbi qənimət nöqteyi-nəzərindən mövcuddur.
27. Cümə namazı onu qıla biləcək gücdə və yaşda olan hər bir müsəlman üçün fərzi-eyndir.
28. Azanda üçüncü şəhadəti – “Əşhədu ənnə Əliyyən vəliyullah” əlavəsini rədd edirik. Bu əlavənin radikal şiə - qulatın işi olduğuna inanırıq.
29. İmam Sadiqin sözü kimi məşhur olmuş: “Təqiyyə mənim və atalarımın dinidir. Təqiyyə etməyənin dini də yoxdur” ifadəsini rədd edirik. Bu ifadənin İmam Sadiqin adından danışanların iftirası olduğuna inanırıq.
30. İfratçılar tərəfindən uydurulmuş dualara və ziyarətlərin əksərinə də inanmırıq. “Came”, “Aşura” ziyarətləri belələrindəndir.
31. İmamların qəbirlərini ziyarət etmək, İmam Hüseyn üçün ağlamaq, sinə döymək, baş yarmaq kimi ayinlərin çoxunun arxasında imamların guya qiyamət günü şəfaət edəcəkləri inancı yatır ki, buna da inanmırıq. Biz əksinə İmam Cəfər əs-Sadiqin imamlar haqqındakı bu sözünə inanırıq: “Onlar (qiyamət günü) gözlədilər, hesaba çəkilərlər və onlar (etdikləri əməllərə görə) məsuliyyət daşıyırlar.
32. İmamlara “istiğasə”ni və ya onlara dua və nəzir etməyi qətiyyətlə rədd edir və bunu şirk sayırıq.
33. Allahın kainatı “Əba əshabı” olan beş nəfərin hörmətinə yaratdığını iddia edən Qulatı qətiyyətlə rədd edirik. Allah məxluqları yalnız onlara mərhəmət etmək və onları imtahana çəkmək üçün yaratmışdır.
34. Hər kəsi səhabələr arasında tarixdə baş vermiş xırda fikir ayrılıqlarını şişirtməməyə çağırırıq. Belə məsələlərə Həzrəti Fatimə və Həzrəti Əbu Bəkir arasındakı “Fədək” əraziləri ilə bağlı məşhur hadisəni misal göstərə bilərik. Həmçinin, Həzrəti Ömərin Həzrəti Əlinin evinə soxularaq Həzrəti Fatiməyə hamilə ikən vurması, bunun nəticəsində Fatimənin bətnindəki körpəsini (Möhsün) salması kimi uydurmaları və nağılları rədd edir, bu uydurmalarla bağlı qurulan təziyə, ağlama və digər xüsuslardan çəkinməyə çağırırıq. Belə ki, bu uydurma xəlifə Ömər ibn Xəttabı pisləməkdən daha əvvəl İmam Əlinin şəxsiyyətini pisləməkdir.
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.