Перейти к содержимому


qulam

Регистрация: 03 июл 2012
Offline Активность: 19 апр 2020 01:40

Мои темы

İmamların (Ə) Adı Nəyə Görə Quranda Qeyd Edilməyib?

30 марта 2020 - 11:17

Hansı səbəbdən İmamların (ə) adları Qurani-Kərimdə qeyd edilməyib? Bu sualın cavabını İmam Cəfər Sadiq (ə) öz səhabəsi olan Əbu Bəsirə gözəl şəkildə izah etmişdir. Bu suallar günümüzdə də çox aktualdır və hesab edirik ki, İmam Sadiqin (ə) bu barədə gözəl izahı həqiqi düşünənlər üçün bir ibrət olacaq.

 

Əbu Bəsir belə rəvayət etmişdir: "İmam Cəfər Sadiqdən (ə) Azzə və Cəllə olan Allahın: "Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin" (“Nisa” 59) ayəsi haqqında soruşdum.

İmam Sadiq (ə) buyurdu: "Bu ayə Əli ibn Əbu Talib, (ə) Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur". (Çünki bu üç İmam (ə), ayənin nazil olması zamanı yaşayırdılar).

Söylədim: "İnsanlar deyirlər ki: "Əlinin (ə) və Əhli-Beytinin (ə) adı Azzə və Cəllə olan Allahın Kitabında niyə keçmir?"”.

İmam Sadiq (ə) buyurdu: "Onlara deyin ki, Rəsulullaha (s) namaz qılmaqla əlaqədar əmr də nazil etmişdir. Ancaq Allah bu namazların üç rükətmi, dörd rükətmi olacağını açıqlamamışdır. Namazların rükət sayını Allahın Rəsulu (s) açıqlamışdır.

Ona zəkat verməklə əlaqədar əmr də nazil olmuşdur. Lakin insanlara, bunun qırx dirhəmə bir dirhəm verilməsi, Allahın Rəsulu (s) açıqlayana qədər açıqlanmamışdır.

Həcclə əlaqədar əmr də nazil olmuşdur. Amma “Kəbənin ətrafında yeddi dəfə təvaf edin” şəklində bir açıqlama gətirilməmişdir. Bu açıqlamanı Allah Rəsulu (s) etmişdir.

"Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin" (“Nisa” 59) ayəsi də Əli, (ə) Həsən və Hüseyn (ə) haqqında nazil olmuşdur. Peyğəmbər (s) Əli (ə) ilə əlaqədar belə buyurmuşdur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".

Həmçinin söyləmişdir: "Sizə Allahın Kitabını və Əhli-Beytimi (ə) tövsiyə edirəm. Çünki mən Azzə və Cəllə olan Allahdan, hovuz başında mənim yanıma qayıdana qədər bu ikisini bir-birindən ayrılmamasını istədim. O da bu istəyimi qəbul etdi”.

Daha sonra: "Əhli-Beytimə (ə) bir şey öyrətməyə cəhd etməyin, onlar sizdən daha çox bilirlər. Onlar sizi hidayət qapısından çıxarmaz və azğınlıq qapısından içəri daxil etməzlər" buyurmuşdur.

Əgər Allah Rəsulu (s) bu açıqlamanı etməsəydi, qeyriləri əmr sahibi səlahiyyətinə sahib olduqlarını iddia edəcəkdilər. Lakin Azzə və Cəllə olan Allah, Peyğəmbəri (s) təsdiq etmək məqsədilə belə buyurmuşdur: "Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir". (“Əhzab” 33)

Allah Rəsulu (s) Əli, (ə) Həsən, (ə) Hüseyn (ə) və Fatiməni (s. ə) Ümmü Sələmənin evində bir örtüyün altında qoydu. Sonra belə buyurdu: "Allahım! Hər Peyğəmbərin (ə) bir ailəsi və yaxınları vardır. Mənim ailəm və yaxınlarım da bunlardır".

Ümmü Sələmə xanım: "Mən sənin əhlin deyiləmmi?" deyə soruşdu. Peyğəmbər (s) buyurdu: "Sən mütləq xeyirli bir məqama sahibsən. Lakin mənim əhlim və yaxınlarım bunlardır..."””.

 

(Mənbə: "Üsuli-Kafi", 1/286-287, Höccət kitabı, 64-cü bab və hədis 1)

Əllamə Məclisi və digər alimlərimiz bu hədisin sənədini səhih bilmişlər.

 

Yəni, bu hədisin mənası budur ki, namaz, zəkat və həcc ümumi olaraq Quranda gəlib. Bu əməllərin qaydalarınının bəzilərini Allah Rəsulu (s) açıqlayıb. Və beləcə də "Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin" (“Nisa” 59) ayəsi də nazil olub və Allah Rəsulu (s) qeyd olunan məsələləri açıqladığı kimi, əmr sahiblərinin də kimlər olmasını açıqlayıb.

Həzrət Peyğəmbərin (s) öz açıqlamasına əsasən, əmr sahibləri Peyğəmbərin (s) Əhli-Beytidir (ə). Müqəddəs Quranda İmamların (ə) adları gəlməsə də, onlara "əmr sahibləri" olaraq işarə olunmuşdur. Necə ki namaz, zəkat və həcc kimi əməllərə işarə olunduğu kimi.


İmamların (Ə) Mübarək Qəbirlərinə Səcdə Etmək Olarmı?

27 февраля 2020 - 12:15

Bəziləri iddia edib deyirlər ki, guya Əhli-Beyt (ə) məktəbində Allahdan qeyrisinə, məsələn Peyğəmbərin (s) və ya İmamların (ə) qəbrinə səcdə etmək icazəlidir. Bununla da bəzi insanlarda Əhli-Beyt (ə) məktəbinə qarşı süstlük yaradırlar.

Lakin bu məsələ qətiyyən bu cür deyil və kökündən yalandır. Təəssübsüz insan təsdiq edər ki, bu məsələdə meyar – hansısa cahil insanın hərəkəti deyil, bu mövzu ilə bağlı Əhli-Beyt (ə) məktəbinin elm əhli olan alimlərinin nəzəri olmalıdır. Yəni ola bilsin ki, hansısa avam insan bu haram olan əməli yerinə yetirsin – yəni Peyğəmbərin (s) və ya İmamların (ə) qəbrinə səcdə etsin. Lakin bu, əsla o demək deyil ki, bu əməl Əhli-Beyt (ə) məktəbində icazəlidir. Ona görə də hansısa iddianı sübut etmək üçün bir məlumatsız insanın əməlinə yox, o məktəbin alimlərinin rəylərinə müraciət etmək lazımdır.

 

İndi isə gəlin bu mövzu ilə bağlı Əhli-Beyt (ə) məktəbinin bəzi mərcəyi-təqlid olan alimlərinin nəzərlərinə diqqət yetirək:

 

"Allah Təaladan başqası üçün səcdə etmək haramdır. Avam camaatdan bəzilərinin İmamların (ə) qəbirləri müqabilində alınlarını yerə qoymaları Allaha şükür etmək niyyəti ilə olsa, eybi yoxdur; əks halda (yəni şükür üçün olmazsa) – haramdır".

 

Bəzi mənbələr:

- İmam Xomeyni ® “Tovzihul-Məsail”, məsələ 1090

- Seyyid Əli Xameneyi, “Fiqh-təlimi”, səh. 189

- Muhəmməd Fazil Lənkərani ®, “Tovzihul-Məsail”, məsələ 1111

- Seyyid Əli Hüseyni Sistani, “Tovzihul-Məsail”, məsələ 1099

- Vəhid Xorasani, “Tovzihul-Məsail”, məsələ 1099

- Məkarim Şirazi, “Xuləsətul-əhkəm”, məsələ 409

 

Gördüyümüz kimi, bu məsələ kökündən yalandır və Əhli-Beyt (ə) məktəbində bu işə icazə yoxdur.

 

Allahdan qeyrisinə səcdə etməyin yasaq olmasının bəzi dəlillərini təqdim edirik.

"Gecə, gündüz, Günəş və Ay – Onun (tövhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə, Günəşə və Aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin". (Fussilət 37)

"Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın". (Cinn 18)

 

Qaldı ki, mələklərin Həzrət Adəmə (ə) səcdə etmə məsələsinə – bu sırf Allahın əmri idi. Mələklər də məhz Uca Allahın əmrinə itaət edib, Həzrət Adəmə (ə) səcdə etdilər. Və deməli, onların səcdəsi – əslində Allaha səcdə etmək sayılır. Çünki, bu işi Allah Təala onlara əmr etmişdi və onlar da əmrə tabe olmuşdurlar.

Bu fikir İslam alimləri tərəfindən təsdiq edilmişdir və o cümlədən, Ayətullah Xoyi bunu öz əsərlərində əks etdirmişdir.

 

(Mənbə: Ayətullahul-uzma Xoyi, "Əl-Bəyan" təfsiri)


Əhli-Sünnə Mənbələrində İmam Hüseynin (Ə) Fəzilətləri

27 сентября 2019 - 23:46

1. Əbu Səid əl-Xudri nəql edir: "Allahın Rəsulu (s) belə buyurub: "Həsən və Hüseyn (ə) cənnət cavanlarının seyyidləridir (ağalarıdır)”.

Tirmizi deyib: "Bu hədis – həsən səhihdir".

(Mənbə: "Sünən Tirmizi", 5/656, hədis 3768)

 

2. Üsəmə ibn Zeyd nəql edir: "Həzrət Peyğəmbər (s) buyurub: "Həsən və Hüseyn (ə) mənim oğullarım və qızımın oğullarıdır. İlahi, mən onları sevirəm, sən də onları sev və onları sevənləri də sev"”.

Tirmizi deyib: "Bu hədis – həsəndir (mötəbərdir)”.

(Mənbə: "Sünən Tirmizi", 5/656, hədis 3769)

 

3. Yalə ibn Murra nəql edir: "Allahın Rəsulu (s) belə buyurub: "Hüseyn (ə) məndən və mən də Hüseyndənəm. Allah Hüseyni (ə) sevəni sevsin"”.

Tirmizi deyib: "Bu hədis – həsəndir (mötəbərdir)”.

(Mənbə: "Sünən Tirmizi", 5/658, hədis 3775)

 

4. İmara ibn Umeyr nəql edir: "Ubeydullah ibn Ziyadın (lən) və adamlarının başları gətirildikdə, Rəhbədə məscidə düzüldü. Mən də onların yanlarında idim və camaat “gəldi, gəldi!” deyirdilər. Bir ilan gəlib başların arasında dolaşdı və sonra isə Ubeydullah ibn Ziyadın burnunun deşiklərindən burnuna daxil oldu və bir qədər sonra xaric olub getdi. Sonra insanlar yenə “gəldi, gəldi!” dedilər. İlan bu işi iki və ya üç dəfə etdi".

Tirmizi deyib: "Bu hədis – həsən səhihdir".

(Mənbə: "Sünən Tirmizi", 5/660, hədis 3780)

 

5. Əş-Şəbiy deyir: "Yuxumda əllərində nizə olan adamların göy üzündən enib, Hüseynin (ə) qatillərindən intiqam aldıqlarını gördüm. Çox keçmədi ki, Muxtar onları öldürdü".

Hafiz əl-Heysəmi deyib: "Ət-Təbərani rəvayət edib və sənədi həsəndir" (mötəbərdir).

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/314, hədis 15151)

 

6. Aişə nəql edir: "Allah Rəsulunun (s) üzərində qara yundan naxışlı bir örtük olduğu halda (evdən) çıxdı. Həsən ibn Əli (ə) gəldi və onu həmin örtükə daxil etdi. Sonra isə Hüseyn (ə) gəldi, onu da birgə daxil etdi. Sonra Fatimə (s.ə) gəldi və onu da örtükə daxil etdi. Sonra Əli (ə) gəldi və onu da örtükə daxil etdi.

Sonra Allah Rəsulu (s) belə buyurdu: "Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". (“Əhzab” 33)

(Mənbə: "Səhih Müslüm", Peyğəmbər (s) Əhli-Beytinin (ə) fəziləti babı, hədis 2424)

 

7. Səd ibn Əbu Vəqqas nəql edir: “"Gəlin oğullarımızı və oğullarınızı, xanımlarımızı və xanımlarınızı, nəfsimizi (özümüzü) və nəfsinizi (özünüzü) çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (“Ali-İmran” 61) ayəsi nazil olanda, Allah Rəsulu (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağıraraq: "İlahi! Mənim ailəm bunlardır!" dedi"”.

(Mənbə: "Səhih Müslüm", Əli ibn Əbu Talibin (ə) fəzilət babı, hədis 2404)

 

8. Əhmədin belə dediyini eşitdim: “Eşitdim ki, Əbu Bəkr dedi: “Əl-Xuldinin belə dediyini eşitdim: "Bədənimdə çox sayda böyük yaralar var idi. Həmin nahiyəni Hüseynin (ə) qəbrinin torpağına sürtdüm və yatdım, ayıldığımda həmin yerdə heç bir yaranın izinin qalmadığını gördüm"””.

(Mənbə: "Ət-Tuyuriyyat", 3/912)

 

9. Əbu Hüreyrə nəql edir: “Rəsulullah (s) dedi: "Həsən və Hüseyni (ə) sevən şəxs – məni sevmiş, onlara nifrət (düşmənçilik) edən – mənə nifrət etmişdir"”.

Əbdül-Bəqi deyib: “"Əz-Zəvaid"də ravilərin siqə sənədi isə səhihdir".

(Mənbə: "Sünən İbn Macə", 1/51 hədis 143)

 

10. Əbu Səid əl-Xudri nəql edir: “Rəsulullah (s) dedi: "Canım əlində olan Allaha and olsun ki, hər kim Əhli-Beytə nifrət edərsə, Allah o kişini cəhənnəmə daxil edər"”.

Şuəyb əl-Ərnəut deyib: “Sənədi həsəndir (mötəbərdir)”.

(Mənbə: "Səhih ibn Hibban", Əhli-Beytin (ə) fəziləti babı, 15/435, hədis 6978)

 

11. Hüseyn bin Əli (ə) buyurur: "Kimin gözləri bizə görə yaşarsa və ya bir damla göz yaşı axıtsa – Uca Allah onu Cənnətdə məskunlaşdırar".

(Mənbə: "Fəzailus-səhabə", 2/840, hədis 1154)

 

12. Əbu Qubeyl belə nəql edir: "Hüseyn ibn Əli (ə) qətlə yetirildikdə, günəş elə bir şəkildə tutuldu ki, hətta günün gündüz çağı göydə ulduzlarda görsəndi. Elə zənn etdik ki, odur (yəni Qiyamətdir)”.

Hafiz əl-Heysəmi buyurub: “"Ət-Təbərani nəql etmişdir və sənədi həsəndir (mötəbərdir)”.

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/197)

 

13. Əhməd ibn Hənbəl, İbn Abbasın belə dediyini nəql edir: "Günorta vaxtı yuxu aləmində Allah Rəsulunu (s) tozlu və saçı-başı dağınıq vəziyyətdə gördüm. Əlində də içi qanla dolu bir şüşə var idi. Peyğəmbərə (s) dedim: “Atam-anam sizə fəda olsun, bu nədir?”.

Buyurdu ki, Hüseynin (ə) və əshabının qanıdır.

Mən o gündən etibarən bu hadisənin nə zaman olacağını izləməyə başladım”.

(Hədisi İbn Abbasdan nəql edən ravi) Əmmar deyir: “Biz o günü təyin elədik və sonradan anladıq ki, Hüseyn (ə) o gündə öldürülmüşdü".

İbn Kəsir deyib: "Əhməd güclü sənəd ilə nəql etmişdir".

(Mənbə: "Əl-bidəyə və ən-nihəyə", 8/202, İmam Hüseynin (ə) məqtəli fəsli)

 

14. Aişə və ya Ümmü Sələmə nəql edir: "Allah Rəsulu (s) buyurdu: "Əvvəllər yanıma gəlməyən bir mələk otağıma yanıma gəlib, mənə dedi: "Sənin bu oğlun Hüseyn (ə) öldürüləcək. Əgər istəsən, onun öldürüləcəyi yerin torpağından sənə gətirim"”.

Allah Rəsulu (s) buyurdu: "Bundan sonra mələk qırmızı rəngli torpağı mənə uzatdı"”.

Vəsiyullah ibn Muhəmməd Abbas deyib: "Sənədi səhihdir".

(Mənbə: "Fəzailus-səhabə", 2/965, hədis 1357)

 

15. Abdullah ibn Nəciyy atasından nəql edir: "O, Əli (ə) ilə birgə yola çıxır. O, Əlinin (ə) su qabının daşıyanı idi. Siffeynə gedərkən Neynəvaya çatanda, Əli (ə) uca səslə belə dedi: "Səbir et, ey Əba Əbdullah! Səbir et, ey Əba Əbdullah, Fərat kənarında".

Mən (Nəciyy) dedim: "Ya Əba Əbdullah, nə deməkdir?".

Həzrət Əli (ə) buyurdu: "Bir gün Peyğəmbərin (s) yanına daxil olanda, gözlərindən möhkəm surətdə yaşların axdığını gördüm. Dedim: “Ey Allahın Rəsulu (s), səni kimsə qəzəbləndirib? Nə üçün gözlərindən sel kim yaşlar axır?".

Peyğəmbər (s) buyurdu: "Bir az əvvəl Cəbrail (ə) yanımdan getdi. O, mənə Hüseynin (ə) Fərat çayının yanında öldürüləyəcəyini dedi və soruşdu ki, istəyirsənmi sənə onun torpağını qoxuladım?”.

Dedim: “Bəli”.

Sonra o, əlini uzatdı, bir ovuc torpaq götürüb, mənə verdi və mən də gözlərimə hakim ola bilməyib, ağlamağa başladım"”.

Hüseyn Səlim Əsəd deyib: "Sənədi həsəndir (mötəbərdir)”.

(Mənbə: Müsnəd Əbu Yalə", 1/298, hədis 363)

 

16. Zeyd ibn Ərqəm nəql edir: "Peyğəmbər (s) Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) üçün belə buyurub: "Mən sizə qarşı savaşanlarla – savaş, sülh içində olanlarla – sülh içindəyəm"”.

İbn Hibbana görə sənədi səhihdir. Hüseyn Səlim Əsəd də deyib: "Sənədi həsəndir (mötəbərdir)”.

(Mənbə: "Məvariduz-zəman ilə zəvaid ibn Hibban", Əhli-Beytin fəziləti babı, hədis 2244)

 

17. Həzrət Peyğəmbər buyurub: "Cəbrail (ə) yanıma gəlib, mənə xəbər verdi ki, “sənin ümmətin oğlun Hüseyni (ə) öldürəcək”. O, Hüseynin (ə) öldürüləcəyi yerdən mənə qırmızı torpaq gətirdi".

Albani deyib: "Səhihdir".

(Mənbə: "Səhih əl-Cəmius-səğir"1/73, hədis 61)

 

18. Ümmü Sələmə buyurur: "Mən cinlərin Hüseyn ibn Əliyə (ə) növhə deyib ağladıqlarını eşitdim".

(Peyğəmbərin (s) digər həyat yoldaşı) Məymunə xanım buyurur: "Mən cinlərin Hüseyn ibn Əliyə (ə) növhə deyib ağladıqlarını eşitdim".

Hafiz əl-Heysəmi buyurur: "Təbərani nəql etmişdir və onun sənədinin raviləri əs-Səhihin (Buxari və Müslümün) raviləridir”.

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/199, hədis 15179-15180)

 

19. Aməş nəql edir ki, bir kişi İmam Hüseynin (ə) qəbrinə hörmətsizlik etdi. “Buna görə də onun ailəsinə müsibətlər üz verdi. Əlləri və ayaqları şikəst oldu, dəli oldular, cüzam və müxtəlif xəstəliklərə tutuldular və kasıblaşdılar".

Hafiz əl-Heysəmi deyir: "Təbərani nəql etmişdir və onun raviləri – əs-Səhihin (Buxari və Müslümün) raviləridir.

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/131, hədis 15168)

 

20. Əba Rəca əl-Utari belə dedi: "Nə Əlini, (ə) nə də Əhli-Beytdən bir kəsi söyməyin. Bəlhuceymdən olan bir qonşum: "Görürsünüz bu fasiq Hüseyn ibn Əlini?! Allah onu öldürsün" demişdi. Allah onu iki ulduzla gözlərindən vuraraq kor etdi".

Hafiz əl-Heysəmi deyir: "Təbərani nəql etmişdir və onun raviləri əs-Səhihin (Buxari və Müslümün) raviləridir”.

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/229, hədis 15157)

 

 

İmamlar (Ə.s) Özlərindən Hədis Söyləyiblərmi? Və Onların Hədisləri Mürsəldirmi?

30 июня 2019 - 23:38

Bəziləri belə bir yersiz iddia ortaya atırlar ki, Əhli-Beyt (ə) məktəbinə aid olan hədislərin sənədlərinin çoxu mürsəldir. Mürsəl hədis – zəif hədis hökmündədir. Mürsəl hədis ona deyilir ki, məsələn bir şəxs Peyğəmbəri (s) görməyə-görməyə ondan hədis nəql edir. Yəni Peyğəmbəri (s) görməyən şəxs, təbii ki, o Həzrətin (s) özündən hədis eşitməyib və kimdənsə nəql edir. Buna əsasən, belə hədisin sənədinə mürsəl deyərlər.

Burada bir haşiyəyə çıxaq ki, istisna olaraq, bəzi hədis nəql edən şəxslərin mürsəl hədisləri səhih hökmündədir.

Belələri iddialarında o yerə çatırlar ki, bəzi Əhli-Beyt İmamları (ə) üçün də deyirlər ki, onlar Həzrət Peyğəmbəri (s) bilavasitə görmədikləri halda Peyğəmbərdən (s) hədis nəql ediblər və bu səbəbdən bu hədislərin sənədi guya mürsəl hökmündədir.

Məsələn İmam Sadiqdən (s) hədis nəql ediləndə ki, Həzrət Peyğəmbər (s) bu cür və bu cür buyurub və onlar deyirlər ki, bir halda ki, İmam Sadiq (ə) Peyğəmbəri (s) görməyibdir, bu səbəbdən iddia edirlər ki, belə hədislər guya mürsəldir.

Əlbəttə ki, bu cür iddiaçılar İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün istisnalar edirlər, çünki, bu əziz İmamlar (ə) Həzrət Peyğəmbəri (s) görüblər və bilavasitə o Həzrətin (s) özündən hədis eşidiblər.

Keçək bu iddiaların cavabına.
Əvvəla bunu qeyd etməliyik ki, bizim əlimizdə olan nəqli dəlilllərə (hədislərə) əsasən, Əhli-Beyt İmamları (ə) – Həzrət Peyğəmbərin (ə) haqq olaraq on iki xəlifəsidir (canişinləridir) və Peyğəmbərin (s) elminin varisləridirlər. Yəni Peyğəmbərin (s) elmi və eləcə də, o Həzrətin (s) söylədiyi hədislər – Əhli-Beyt İmamlarının (ə) yanında Allahın izni ilə hər zaman hazır və mövcud olmuşdur.

Məsum İmamlar (ə) nəsil olaraq vəhy ailəsinə mənsub olduqları üçün, Peyğəmbərin (s) elmi və hədisləri, Allahın izni ilə, İmamlara (ə) silsilə ilə ata və babaları vasitəsilə yetişmişdir. İmamlar (s) özlərindən hədis nəql etməmişdirlər və söylədikləri hədislər – ata və babalarından eşidilərək, silsiləvi surətdə Həzrət Peyğəmbərin (s) birbaşa özündən yetişən hədislər olmuşdur.

Beləliklə, İmamların (ə) söylədikləri hədislərin sənədlərini, qətiyyən mürsəl adlandırmaq olmaz. Bu hədislər sənəd baxımından zəncirvari olaraq İmamlara (ə) ata və babalarından yetişmişdir və ilk mənbə olaraq, Həzrət Peyğəmbərdən (s) birbaşa nəql edilən hədislərdir.

Məsum İmamlar (ə) Peyğəmbərdən hədis nəql edərkən, hər dəfə hədisin sənədində “ata və babalarımdan belə eşitdim və onlar da Peyğəmbərdən (s) belə eşitdilər” kimi ibarələr işlətməyə lüzum görməyiblər. Çünki, onların ardıcılı olan və onları sevən şəxslər bilirlər ki, İmamlar (ə) hədisləri ata və babalarından, onlar da bilavasitə Həzrət Peyğəmbərdən (s) nəql ediblər.

İndi isə keçək bu barədə İmamların (ə) hədislərdə öz buyuruşlarına.

İmam Baqir (ə) buyurmuşdur: "Ey Cabir, Allaha and olsun, əgər biz (Əhli-Beyt)camaatla öz rəyimizə əsasən danışıb hədis söyləsəydik, mütləq həlak olardıq.
Biz (Əhli-Beyt) onlara Peyğəmbərdən (s) bizə qalan, camaat qızıl və gümüşü yığıb-topladıqları kimi, bizim də böyüklərimizin (ata və babalarımızın) miras apararaq yığıb-topladıqları rəvayətlərə əsasən hədis danışırıq".

İmam Sadiq (ə) buyurmuşdur: "Əgər biz (Əhli-Beyt) camaata öz rəyimizlə və həvayi-nəfsimizdən fətva versəydik, mütləq həlak olardıq.
Lakin bunlar (söylədiklərimiz) Peyğəmbərdən (s) olan rəvayətlər və elmin köküdür ki, böyüklər böyüklərdən (atamız babalarımızdan) miras aparır.
Camaat qızıl və gümüşlərini yığıb-topladıqları kimi, biz də bunu yığıb toplamışıq".

İmam Sadiq (ə) buyurmuşdur: "Biz Rəbbimizin Peyğəmbəri (s) üçün açıqladığı və onun da bizə bəyan etdiyi dəlillərə əsaslanırıq. Əgər belə olmasaydı, (avam)camaat kimi olardıq".
(Mənbə: Şeyx Səffar, “Bəsairud-dərəcat”, 6-cı hissə, 14-cü bab)

İmam Sadiq (ə) buyurmuşdur: “Mənim hədisim – atamın hədisidir. Atamın hədisi isə babamın hədisidir. Babamın hədisi isə Hüseynin və Həsənin (ə) hədisidir. Hüseynin və Həsənin (ə) hədisi isə Əmirəl-möminin Əlinin (ə) hədisidir. Əmirəl-möminin Əlinin (ə) hədisi isə Allah Rəsulunun (s) hədisidir. Allah Rəsulunun (s) hədisi də Azzə və Cəllə olan Allahın sözüdür".
(Mənbə: “Üsuli-kafi”, Elmin fəziləti ktabı, 17-ci bab)

İmam Sadiq (ə) buyurmuşdur: "Bizim hədisimiz – Allahdan və Onun Rəsulundandır. Bizim axırıncımızın sözü – əvvəlinci olanımızın sözüdür və əvvvəlincimizin sözü isə axırıncımızın sözünü təsdiq edər".
(Mənbə: “Rical əl-Kəşşi”, səh. 164)

Hədislərdən gördüyümüz kimi, İmamların (ə) hədisləri – böyükləri olan ata və babalarının hədisləridir və onların da hədisləri – Həzrət Peyğəmbərin (s) özünün hədisləridir.
Yəni İmamlardan (ə) olan hədislər – qeyd etdiyimiz və başqa xüsusi dəlillərə də əsasən, mürsəl hökmündə deyillər. Əksinə – ən möhkəm dəlil və sübuta əsaslanır.
İmamların (ə) sözləri (hədisləri) ilham yolu ilə ya Allahdandır ya da ki, ata-babaları vasitəsi ilə Peyğəmbərdən yetişən (s) hədislərdir.

Allah Rəsulunun (s) hədislərini oxuyub, əməl etməyi Allah bizlərə nəsib etsin!

Рейтинг@Mail.ru