Отправлено 15 июля 2013 - 03:38
Məktub 44.
İmam Əli əleyhis-salamın, Müaviyənin Ziyad ibn Əbihə məktub yazaraq onu (qardaş olmaları hiyləsi ilə) özünə birləşdirməklə aldatmaq istəməsini eşidərkən, Ziyada yazdığı məktublardandır.
Xəbərdar oldum ki, Müaviyə sənə məktub yazaraq qəlbini (xoşbəxtlik yolundan) sapdırmaq və sənin itilik və çevikliyinə (zirəkliyinə) nüfuz etmək istəyir. Buna görə də ondan çəkinərək qorx. Çünki o, insanın qabaq və arxasından, sağ və solundan gələn və sonda birdən onun qəflət və nadanlıq anında nüfuz edərək ağlını oğurlayan (və dünyada məəttəlçilik və sərgərdanlığa, axirətdə isə əbədi əzaba düçar edən) bir şeytandır.
http://www.haqqyolu.org/kitabxana/read.php?id=20090111045857
65-ci xütbə
İmam Əli əleyhis-salamın (döyüş qaydaları barədə) kəlamlarındandır. Siffeyndə döyüş günlərinin birində (37-ci hicri-qəməri ilinin səfər ayında, «Hərir» gecəsində) səhabələrinə buyurmuşdur:
Ey müsəlmanlar, xof və qorxunu özünüzə şüar edin (Allahdan qorxun və düşmənlə döyüşdə süstlük etməyin). (Döyüşdə) vüqar və sakitliyi öz düşüncənizə çevirin (düşmənlə qarşılaşmaqdan çəkinməyin) və dişlərinizi bir-birinə sıxın (döyüşdə müqavimət göstərin, döyüşün çətinliklərini özünüzə asanlaşdırın). Çünki belə rəftar qılıncları başlardan daha da uzaqlaşdırır (müharibədə müqavimət və döyüşün çətinliklərinə sinə gərmək düşməni məğlub etmək üçün hər hiylə və tədbirdən daha yaxşı olub, nəticəsi isə fəth və qələbədir). Zirehi tam geyinin. (Bədəninizin heç bir yerinin görünməməsi üçün qoruyucu, astarı olan zireh geyinin) və qılınclarınızı çəkməzdən qabaq qınlarında tərpədin. Düşmənə gözünüzün ucu ilə (çəpəki), acıqlı baxın. Sağınıza, solunuza nizə vurun (ətraflarınızı məhv edin ki, düşmən pusqu qurub, sağ və ya solunuzdan hücuma keçə bilər). Qılınclarınızın ucu və tiyəsi ilə zərbə endirin (düşməni irəliləməyə qoymayın), (əgər qıs-adırsa) qılınclarınızı addım atmaqla (düşmənə) çatdırın. Sizlər Allahın nəzərindəsiniz (O, sizin əməllərinizi görür) və Allahın Rəsulu səlləllahu əleyhi və alih və səlləmin əmisi oğlu ilə olduğunuza görə, (düşmənə) arası kəsilmədən hücum edin və qaçmaqdan isə xəcalət çəkin. Çünki qaçmağınız sizdən sonrakılar üçün rüsvayçılıq (sizdən sonra övladlarınızın başına qaxacaqlar), hesab və Qiyamət günündə atəşdir (müharibədən qaçanlar qiyamətdə ilahi əzaba düçar olacaqlar). (Döyüşdə) ruhunuzun bədəninizdən ayrılmağına şad olun, rahatlıqla ölümə doğru gedin. Bu böyük qaragüruha (Müaviyənin qoşununa) və kəndirlərdən asılmış xeyməyə (Müaviyənin çadırına hücum etmək) sizin öhdənizdədir. O xeymənin daxilinə zərbə endirin (çalışıb o çadırı ələ keçirin).
Çünki şeytan (Müaviyə) onun küncündə gizlənib. İrəli atılmaq üçün əlini qabağa, geri dönmək üçün isə ayağını arxaya qoyub. Deməli, haqqın həqiqəti sizlərə aydın olması üçün (onunla və yoldaşları ilə döyüşməyi) niyyət edin (onları məhv etmək üçün hücuma hazırlaşın və bu yolda çalışın). Siz üstün və yüksəksiniz (siz haq yolundasınız və qələbə, zəfər sizinlədir). Allah sizinlədir və heç vaxt əməllərinizin (mükafatını) naqis və az etməz (sizə dünya və axirətdə nicat verər).
http://www.haqqyolu.org/kitabxana/read.php?id=20090111043038
73-cü məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda onu məktubunun nadürüstlüyünə görə məzəmmət edərək hədələyib).
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən sənə dalbadal cavab vermək və məktubuna qulaq asmaqla (nadan və azğın olduğun üçün öyüd-nəsihətin sənə heç vaxt xeyir verməyəcəyi və fitnə-fəsaddan əl çəkməyəcəyin barəsindəki) nəzər və düşüncəmi süstləşdirirəm, fərasət və zirəkliyimi (yəqin və inamımı) səhvə salıram (halbuki sənin kimisinin cavabında susmaq lazımdır. Amma mənim cavab verməyimin səbəbi ancaq və ancaq yumşalaraq bir daha səni başa salıb bəhanə gətirməyinə yer qoymamaqdır). Sən hiylə və «zirəngliklə» məndən bəzi şeylər istəyəndə və cavab almaq üçün mənə məktub göndərəndə yalan və pərişan yuxu görən ağır yatmış şəxsə, yaxud da ayaq üstə durmaqdan aciz və biçarə qalmış (nə yol gedə bilən, nə də ayaq üstə dayana bilən) və qarşıya çıxacaq şeyin xeyrinə və ya ziyanına olacağını bilməyən kimsəyə bənzəyirsən. Sən onun kimi deyilsən, bəlkə o sənə oxşayır. (Sənin vəziyyətin başqasına oxşamaqdan da pisdir. Çünki sən bədbəxtlik və biçarəlikdə təksən. Sən ancaq və ancaq özünə oxşayırsan.) Allaha and olsun ki, əgər (əsaslanaraq ona uyğun davranmalı olduğum məsləhətə görə) qalmağını istəməsəydim tərəfimdən sənə sümüyü sındıran və əti əridən (səni məhv edən) zərbə vuranlar (müharibə və döyüşün çətinlikləri) gəlib çatardı. Bil ki, sənin yaxşı işlərə qayıtmağına və nəsihət verənin öyüdlərinə qulaq asmağına (öz zəmanənin imamına üz tutaraq göstərişlərini icra etməyinə) şeytan mane olur. Salama layiq kimsəyə salam olsun!