İbn Hacər əl Əsqalaninin İbn Teymiyyəni tərifləməsi
Bir çoxları İbn Hacərdən nəqllər gətirərək elə təsəvvür oyadırlar ki, sanki İbn Hacər İbn Teymiyyəni bir alim kimi, bir müctəhid kimi qəbul etməmişdir. Təbii ki, bütün bunlar yalandır.
Hənəfi alimi Alə əd-Din əl-Buxari İbn Teymiyyəyə qarşı düşmənçilik bəsləyən şəxsiyyətlərdən olmuşdur, hətta düşmənçiliyi o dərəcəyə çatmışdır ki, İbn Teymiyyəyə kim şeyxul-islam deyərsə, onun kafir olacağını söyləmişdir və İbn Teymiyyəyə qarşı "əl-Mulcimə li əl-Mucəssimə" adlı bir kitab da təlif etmişdir. Halbu ki, İbn Teymiyyəni sağlığında belə böyük alimlər və hafizlər "Şeyxul-İslam" çağırmışdır. Bu kəslərdən də biri əl-Hafiz əl-Mizzi olmuşdur.
Alə əd-Din əl-Buxarinin bu sözünə qarşı İbn Nasir əd-Din əd-Diməşqi bir kitab yazmışdır və kitabının adını "Radd əl-Vafir alə mən zəamə ənnə mən səmmə İbn Teymiyyə Şeyxul-İsləm kəfir" qoymuşdur. əd-Diməşqi kitabında İbn Teymiyyəni "Şeyxul-İslam" sayan 85 imamdan nəql gətirmişdir və onların sözlərini kitablarından nəql etmişdir. İbn Hacər əl-Asqalani, rahiməhullah, bu kitabla qarşılaşdıqda kitabı çox bəyənmişdir və hətta ona bir müqəddimə belə yazmışdır. Burada təqdim edəcəyim kitaba yazılmış müqəddimədəndir:
"Həmd olsun Allaha və salam olsun Onun seçdiyi qullarının üzərinə.
Mən bu faydalı yazı ilə və bunu toplayanın qarşısına qoyduğu məqsədlər üçün yazdığı məcmu ilə qarşılaşdım və bunu yazan imamın necə dərin elmə sahib olduğunu, faydalı elmlərdə fərqləndiyini anladım, beləki alimlər buna görə onu yücəltmiş və şərəfləndirmişlər. Şeyx Taqi əd-Dinin imamlığının şöhrəti günəşdən də parlaqdır və onun "şeyxul-islam" ləqəbi təmiz və pak dillərdə günümüzə qədər gəlmişdir və sabah da dünən olduğu kimi davam edəcəkdir. Bunu onun dəyərindən cahil olan kəsdən və ya insafdan uzaq düşmüş birindən başqası inkar etməz. Belə düşünənlərin xətası nə qədər də böyükdür və yersiz sözləri nə qədər də çoxdur?! Yalnız Allahu Təalədən nəfslərimizin şərrindən qorunmağı diləyirik və dilimizin həsədindən Onu tərifləmək və ucaltmaqla qorunuruq. Əgər bu şəxsin imamlığına heç bir dəlil olmasaydı və yalnız əl-Hafiz əş-Şəhir İlm əd-Din əl-Bərzəlinin "ət-Tarix" əsərində onun haqqında söylədiyi sözlər olsaydı, (bu belə kifayət edərdi: əl-Bərzəli deyir: ) "İnsanların Şeyx Taqi əd-Dinin cənazəsinə toplandığı kimi cənazəsinə toplanılmış başqa biri İslam tarixində mövcud olmamışdır." (əl-Bərzəli) bildirdi ki, İmam Əhmədin cənazəsinə minlərlə adam gəlmişdi və əgər Dəməşqdə yaşayanların sayı bağdaddakılar qədər olsaydı və ya ondan qat-qat çox olsaydı, heç kəs onun cənazəsində iştirak etməkdən geri qalmazdı. Üstəlik Bağdadda yaşayanların az bir hissəsindən başqa hamı İmam Əhmədin imamlığına etiqad edirdi, Bağdadın əmiri və xəlifəsi o zaman ona qarşı böyük hörmət və məhəbbət bəsləyirdi. Lakin İbn Teymiyyənin halı fərqli idi, o öləndə şəhərin əmiri yox idi və şəhərin fəqihlərinin çoxu ona qarşı təəssübkeş idilər, hətta o, qalada həbs edildiyi zaman ölmüşdü. Lakin bütün bunlara baxmayaraq onlardan heç kəs onun cənazəsində iştirak etməkdən, ona rahmət oxumaqdan və ona yas saxlamaqdan geri qalmadı, yalnız üç nəfərdən başqa və bu üç nəfər öz canlarına görə camaatın qəzəbindən qorxduqlarına görə cənazəyə gəlmədilər.
Bu qədər böyük sayda insanın onun cənazəsində toplaşmasının səbəbi başqa bir səbəb deyildi, yalnız onun imamlığına və onun bərəkətinə inandıqları üçün ora toplaşmışdılar. Nə də sultan və ya başqası onları ora toplamamışdı. Peyğəmbərdən, salləllahu aleyhi va səlləm, səhih olaraq rəvayət olunmuşdur: "Siz Allahın Yer üzündəki şahidlərisiz." (Buxari və Muslim rəvayət etmişdir)
Çox saylı alimlərdən ibarət bir camaat onu üsul və furuda ona qarşı inkar etdikləri şeylər səbəbi ilə Şeyx Taqi əd-Dinə qarşı çıxdı. Ona qarşı Qahirədə və Dəməşqdə çoxlu məclislər quruldu, lakin o zamanlar dövlət dairələrində ona qarşı güclü təəssüb sahibi kəslər olmasına baxmayaraq (İbn Teymiyyəyə etiraz edən) alimlərin heç birindən onun zındıq olması barədə heç bir şey gəlməmişdir və ya onun qanının halal olması barədə heç bir hökm verməmişdilər. O, Qahirədə və İskəndəriyyədə həbs olundu. Bütün bunlara baxmayaraq alimlərin hamısı onun elminin genişliyinə, şiddətli təqva və vəra sahibi, zühd sahibi olduğunu etiraf ediblər və onu səxavətli və şücaətli biri kimi, İslama kömək edən və Allahu Təalənin yoluna açıq və gizli şəkildə dəvət edən biri kimi vəsf ediblər. Bəs o zaman onun kafir olduğunu söyləyən və ona Şeyxul-İslam deyəni də kafir sayan birini necə inkar etməyək?! Halbuki, onu bu adla çağırmaqda heç bir küfr yoxdur və onun Şeyxul-İslam olmasında heç bir şübhə yoxdur. Onun inkar olunduğu bəzi məsələlər isə onun öz havasına tabe olaraq söylədiyi şeylər deyildi və ona qarşı dəlil gətirildikdən sonra o görüşü üzərində inad etməzdi. Onun kitabları mücəssimə əhlinə qarşı rəddiyələrlə doludur və bununla onlardan təbərru etmişdir. Bununla belə o bir insan idi və xəta etdiyi də, isabətli olduğu da olmuşdur. Onun isabətli olduğu görüşlərindən - və bunlar çoxunluq təşkil edir- faydalanmalıyıq və bunun səbəbi ilə ona rahmət oxumalıyıq. Xəta etdiyi gərüşlərində isə ona təqlid edilməz, əksinə bütün bunlarda o, üzr sahibidir. Çünki əsrinin imamları şəhadət edirdilər ki, bütün ictihad keyfiyyətləri onda toplanmışdı. Hətta ona qarşı ən qərəzli birisi və ona qarşı şərr yetirməyə ən çox can atanlardan biri belə - və bu Şeyx Kəmal əd-Din əz-Zəmləkənidir - onun bu müctəhidliyinə şahidlik etmişdir. Eləcədə Şeyx Sadr əd-Din ibn əl-Vəkil də buna şahidlik etmişdir və ondan başqa heç kəs İbn Teymiyyə ilə münazirə apara bilmirdi.
Ən qəribə hallardan biri də budur ki, bu şəxs insanlar içində rafizilər, hululiyyə və ittihadiyyə kimi bidət əhlinə qarşı ən şiddətlisi idi və onun bu barədə yazıları çoxdur və məşhurdur, onlar haqqındakı fətvaları sayıla bilməyən qədər çoxdur. Onun "kafir" sayıldığını eşitdikdə bu bidət əhlinin gözləri necə də sevinclə dolmuşdur və onu kafir görməyəni də kafir saydıqlarını gördükdə isə necə də özlərini xoşbəxt hiss etdilər!!! Elmə yiyələndiyini iddia edən birinin əqli varsa, bu şəxsin məşhur kitablarındakı sözləri üzərində düşünməsi və ya onun sözlərini nəql edən səmimi və sadiq kəslərin dilindən eşitməsi vacibdir və ondan gördüyü inkar olunmuş sözləri kənara qoymalı və nəsihət niyyətilə onlardan çəkindirməlidir. Onun isabət etdiyi məsələlərdə isə fəzilətlərinə görə tərifləməlidir, necəki başqa alimlərə göstərildiyi münasibət kimi.
Əgər Şeyx Taqi əd-Dinin gözəl keyfiyyətlərindən heç biri olmasaydı, lakin yeganə olaraq, həm onunla razılaşanlar, həm də müxaliflərinin hamısının faydalandığı çox sayda faydalı kitabın sahibi Şeyx Şəms əd-Din ibn Qayyim əl-Cəvziyyənin onun şagirdi olması faktı bu adamın mənzilinin ucalığına bir dəlil kimi kifayət edərdi. Bəz o zaman əsrinin məşhur şafi imamlarının və digərlərinin, üstəlik hənbəlilərin onun elmin müxtəlif dallarında üstünlüyünə və mətnlərdəki məntuq və məfhumu anlamaqdakı fərqlənişinə şəhadət etməkləri necə? Bütün bunlara baxmayaraq ona kafir deyən və ya ona "şeyxul-islam" deyəni kafir görən birinin sözünə heç bir dəyər verilməməlidir. Bu məqamda ona etibar edilməz. Hətta bu sözünə görə haqqa geri dönənə qədər və doğruya könüllü qayıdana qədər onu rədd etmək lazımdır. Allah haqq söyləyir və doğru yola yönəldir. Allah bizə kifayət edər və O necə gözəl Vəkildir.
Bunu söylədi və yazdı: Əhməd bin Əli bin Muhamməd bin Hacər əş-Şafi, Allah onu bağışlasın, Rəbiul-Əvvəl ayının doqquzu, 835-ci il.
Həmidən lilləhi va musalliyən alə rasulihi Muhamməd və Alihi və musəllimən...
"ər-Radd əl-Vafir", səh: 145-146
eləcədə bax: "əl-Cəvahir vad-Durar", 2/734-736, İmam əs-Saxavi